“Satılan un mal-qara buğdasından əldə olunur” - Ekspert

23 Avqust 2016 12:30 (UTC+04:00)

Unun tərkibində mənşəyi bilinməyən maddələrin tapılması ilə bağlı AzNews.az-a danışan Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov sözügedən unların insan istehlakı üçün nəzərdə tutulmadığını deyib. Onun sözlərinə görə, həmin unların əldə olunduğu 4-cü, 5-ci sinif sayılan buğdalar mal-qara yemi üçün nəzərdə tutulub: "Həmin buğda növündə kifayət qədər xəstəliklər var. Onun tərkibində zərərvericilərin ifraz etdiyi maddələr var. Keyfiyyəti aşağı olduğu üçün bu buğdadan alınan un da keyfiyyətsiz olur. Qısa bir müddətdə həmin unda kartof xəstəliyi əmələ gəlir. Həmin undan normal çörək bişirmək olmur. Bu üzdən həmin una əlavə maddələr qatılır. Bu əlavələrin insan orqanizmi üçün nə qəqər zərərli olduğunu isə demək çətindir".

V.Məhərrəmov həmin buğdaların Rusiya və Qazaxıstandan idxal olunduğunu qeyd edib: "Həmin ölkələrin özlərinin problemi yaranıb. Başqa ölkələr ərzaq buğdaları sifariş etdiyi üçün həmin ölkələr ixracı çatdıra bilmir. Bizimkilər isə ucuz olduğundan həmin buğdanı ölkəyə gətirir və ölkədə ona nəzarət edəcək dövlət strukturu yoxdur".

Bahar RÜSTƏMLİ
AzNews.az