Cahangir Hacıyevin kamerası dəyişdirildi - “Günlərlə ac qalır”

24 Avqust 2016 13:23 (UTC+04:00)

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə C.Hacıyevin vəkilləri Aqil Layicov və Fəxrəddin Mehdiyev vəsatətlərlə çıxış edib.

Müdafiəçilər ötən prosesdə qaldırdıqları 6 vəsatətdən yalnız 2-nə münasibət bildirildiyini deyib. Onlar hazırkı məhkəmə heyətinə etiraz etdiklərini qeyd ediblər. Vəsatət baxılmamış saxlanılıb.

Daha sonra təqsirləndirilən şəxslərin anket məlumatları yenidən dəqiqləşdirilib.

Bundan başqa, vəkil A.Layicov və F.Mehdiyev daha bir vəsatət verib.

Müdafiəçilər C.Hacıyevin müəyyən məsələləri məsləhətləşmək üçün vəkillərin yanında əyləşməsini istəyib: "Cahangir Haciyevin saxlanıldığı təcridxanada kamerası dəyişdirilib, soyuducudan məhrum edilib. Bu səbəbdən o, qida saxlaya bilmir və hüquqlarını müdafiə etdiyimiz şəxs günlərlə ac qalır. Məhkəmədən xahiş edirik ki, bu məsələnin həllinə kömək edərdiz". Vəsatət təmin edilməyib.

Dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər özlərini təqsirli bilmədiklərini deyib. Proses saat 14:00-da davam etdiriləcək.

Fasilədən sonra C.Hacıyev ifadə verəcək.

Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri C.Hacıyev və digər 7 şəxsin Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin istintaqı yekunlaşaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri iş materialları ilə tanış edilmiş və iş üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iyulun 19-da təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Report.az