“Gülənin Türkiyəyə təhvil verilməsi ilə bağlı hüquqi proses başlayıb“

24 Avqust 2016 19:36 (UTC+04:00)

Bu sözləri Türkiyənin baş naziri Binəli Yıldırım Türkiyədə səfərdə olan ABŞ-ın vitse-prezidenti Co Baydenlə keçirdiyi birgə mətbuat konfransında deyib. O bildirib ki, ABŞ-dan olan texniki heyətin Türkiyəyə gəlməsi və Türkiyə prokurorları, hakimləri ilə müzakirələr aparması ABŞ-ın bu işə nə dərəcədə önəm verdiyini göstərir: "Bizim burada əsas gözləntimiz bütün bu hüquqi prosesin vaxt itkisi olmadan irəliləməsi və millətin gözlənitisi olan nəticənin ortaya çıxmasıdır. Demokratiyaya qarşı olan bu addımın dost və müttəfiq ölkə olan ABŞ tərəfindən qəbul edilməyəcəyini bilirik".

B. Yıldırım C. Baydenlə görüşdə terrora qarşı birgə mübarizə məsələlərini də müzakirə etdiklərini söyləyib: "İŞİD və PKK kimi terror təşkilatlarına qarşı mübarizədə qətiyyətimizi ortaya qoyduq. Milyonlarla insan Suriyanı tərk edib. Türkiyə 3 milyondan artıq insana qapılarını açıb. Lakin bu, davam edə biləcək bir vəziyyət deyil. Daha artıq insan itkisi ilə qarşılaşmamaq üçün həll yolu tapılmalıdır. Türkiyə bu münaqişənin həllində iki məsələnin təmin olunmasını istəyir. Birincisi, biz Suriyanın ərazi bütövlüyünün qorunmasında təkid edirik. Türkiyə cənub sərhədlərində kürd qurumunun formalaşmasını əsla qəbul etmir. Bunu milli təhlükəsizliyimiz üçün təhdid sayırıq. İkincisi isə, Suriyada digər etnik qrupların da təmsil olunduğu ədalətli idarəçiliyin təmin olunmasıdır".

B. Yıldırım Türkiyə-ABŞ münasibətlərinin çox uzun tarixi olduğunu vurğulayıb: "Zaman-zaman baş verən bəzi hadisələr nəticəsində bu köklü əlaqələrin yara alması və mənfiyə doğru dəyişməsinə əsla imkan verməməliyik".


APA.az