Ölkədə dollar qıtlığı niyə yaranır? - Deputatdan şok iddia

25 Avqust 2016 11:21 (UTC+04:00)

Bəzi ekspertlər kəskin devalvasiyanı da istisna etmir.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov manatın yumşaq devalvasiyasının davam edəcəyini vurğuladı: "Mən bununla bağlı öz proqnozumu çoxdan vermişdim. Təxminən 6-7 ay öncə manatın tədricən ucuzlaşıb öz bazar qiymətini alacağını bildirmişdim. Qeyd etmişdim ki, neftin dünya bazarında qiymətində dəyişiklik olmayacaq, dolların bahalaşması davam edəcək, manat müəyyən qədər ucuzlaşacaq. Ancaq hələlik bu bahalaşma yüksək sürətlə getmir, Mərkəzi Bank tərəfindən yumşaq siyasət aparılır. Gec-tez manat gəlib bazar qiymətini almalıdır. Neftin qiyməti hazırda bir qədər bahalaşsa da, bu cüzi artımdır, manatın məzənnəsinə təsir etmir. Həm də Azərbaycanda idxal-ixrac əməliyyatları artıb, ixracyönümlü məhsullarımız çox böyükdür. Bu yay ixrac olunan kənd təsərrüfatı məhsullarının həcmi bir qədər də artdı. Qeyri-neft sektorunda ixracın atmasına diqqət yetirmək lazımdır ki, ölkəyə gələn valyutanın həcmi artsın. Yəni bu proses hələ davam edəcək".

V.Əhmədov onu da qeyd etdi ki, Azərbaycanda kəskin devalvasiya gözlənilmir: "Mən kəskin devalvasiya gözləmirəm. Hesab edirəm ki, Mərkəzi Bankın apardığı yumşaq devalvasiya davam etməlidir. Amma mənim aldığım məlumata görə, Azərbaycanda qara bazar çox ciddi problemə çevrilib. Möhtəkirlər də bundan istifadə edir. Onlar banklar tərəfindən dollar satışının məhdudlaşmasından istifadə edərək qara bazarda dolları baha satırlar. Əlbəttə, bu yolverilməzdir, qarşısı alınmalıdır, çalışmaq lazımdır ki, banklar əhalini dollarla təmin edə bilsin".

Deputatın sözlərinə görə, banklara inam yarananadək manatın ucuzlaşması davam edəcək: "Banklara inam olmadığından insanlar əmanətlərini dollara çevirərək saxlamağa çalışırlar. Bu da bazarda dollara tələbatı artırır. Bazarda dollar qıtlığının yaranmasının başqa bir səbəbi isə odur ki, bazara dollar buraxılmır. Məsələn, Mərkəzi Bankın keçirdiyi hərraclarda bankların dollara tələbi 500-600 milyon dollar olduğu halda hərraca 50-60 milyon dollar çıxarılır. Görünür ki, bu, qara bazarda kiminsə mövqeyini müdafiə edir. Mən belə hesab edirəm. Hökumət bunun qarşısını almalıdır. Dolların bahalaşması ilə birgə gələn problemlər davam edəcək. Çünki manat ucuzlaşırsa, idxal olunan malların maya dəyəri bahalaşır. Bu da bazarlarda qiymət siyasətinə öz təsirini göstərir. Çox təəssüflər olsun ki, Maliyyə Bazarlarına Nəzarət Palatası öz üzərinə düşən öhdəliyi yerinə yetirə bilmədi. Bankların sağlamlaşdırılması prosesi axıra çatdırılmadı. Bizim bu istiqamətdə hökumətə ünvanladığımız təkliflərə baxılmadı. Buna görə də proses çox ciddi şəkildə davam edir. Belə getsə, Azərbaycanın ərzaq və qeyri-ərzaq bazarında çox ciddi problemlər yarana bilər".

Vahid Əhmədov onu da vurğuladı ki, bahalaşma fonunda sosial gərginliyin yaranmaması üçün hökumət iş görməli, addım atmalı, təklifləri həyata keçirməlidir: "Bu böhran nə qədər davam edə bilər? Böhran vəziyyətindən çıxış yolları olmalıdır. Düzdür, müəyyən qurumlar yaradıldı, ancaq biz onlardan konkret iş görmürük. Hökumət xüsusi tədbirlər planı hazırlamalıdır, hər şeyə qənaət edilməlidir. İxracyönümlü məhsulların artırılması üçün ciddi işlər görülməlidir. Əgər ölkədə bank sistemini sağlamlaşdırmasaq, manata inamı bərpa etməsək, kredit alış-verişini tətbiq edə bilməsək, problemlərimiz daha da çoxalacaq".

İqtisadçı ekspert Qubad İbadoğlu da bildirdi ki, dolların hazırkı məzənnəsi daha çox bazarda valyutaya olan tələbin səviyyəsi ilə bağlıdır: "Əgər əvvəllər hərraclarda valyutaya olan tələb 5-10 milyonla yekunlaşırdısa, son hərracda 600 milyona çatıb. Təbii ki, tələbin artması tam real deyil. Demək olmaz ki, Azərbaycan banklarına o həcmdə valyuta təklif olunsaydı, onun hamısı alınardı. Banklar da sifarişlərini yüksək göstərməklə daha çox valyuta əldə etməyə çalışırlar. Lakin tələb olunan səviyyədə valyuta təklifi yoxdur. Avqust ayının sonları, sentyabr ayının əvvəlində valyutaya olan tələb yüksək olaraq qalacaq. İlin sonuna doğru tələbat daha da artacaq. Çünki ilin sonunda xarici borcların ödənilməsi ilə bağlı vaxt bitir. Həm də Azərbaycanda fəaliyyət göstərən digər şirkətlə xarici valyuta ilə olan borc öhdəliklərini yerinə yetirilməsi istiqamətindən sifarişlərin çoxalması valyuta bazarında Azərbaycan manatının ucuzlaşmasını şərtləndirir".

Qubad İbadoğluna görə, yumşaq devalvasiyanın getdiyi hazırkı şəraitdə kəskin devalvasiya gözlənilmir: "Bu gündən Azərbaycan manatı daha yüksək səviyyədə ucuzlaşmaya məruz qalıb. Hesab edirəm ki, bu temp davam edəcək. Manatın ucuzlaşmaması üçün tələblə təklif arasında tarazlıq olmalıdır. Tarazlığı təmin edəcək iqtisadi şərtlər hələ ki mümkün deyil. Hazırda bazara valyutanı Dövlət Neft Fondu və ya Azərbaycan Mərkəzi Bankı çıxarır. Halbuki ölkədə valyuta satışı ilə məşğul olan özəl şirkətlərin sayı dövlət şirkətləri ilə müqayisədə daha çox olmalıdır. Özəl şirkətlər bazarda rəqabətə davam gətirə bilmirlər. Manatın bundan sonrakı vəziyyəti də iqtisadiyyatın vəziyyətindən asılı olacaq. Lakin hazırda iqtisadi artım yoxdur, problemlər çoxdur və dərinləşməkdə davam edir".

Ekspert qeyd etdi ki, hökumətin dolların bahalaşmasından sonra yaranan problemləri həll etmək üçün yeganə çıxış yolu yerli istehsalı dəstəkləməkdən keçir: "Əgər yerli istehsal inkişaf etməyəcəksə, ölkə istehlak bazarında öz tələbatını yerli məhsullar hesabına təmin etməyəcəksə, qiymətlərin artması qaçılmaz olacaq. Bu gün Azərbaycan bazarı qiymətlərin bahalaşması qarşısında acizdir, çünki xarici faktorlar mühüm rol oynayır. Hökumət daxili istehsalı stimullaşdırmalı, sahibkarlar üçün əlverişli mühit yaratmalı, inzibati məhdudiyyətlər aradan götürülməlidir. Bazar sərbəstləşməli, korrupsiya aradan qaldırılmalıdır. Hazırda islahatlarla bağlı müzakirələr aparılsa da, konkret addımlar atılmır. Bu müzakirələrdə yerli ekspertlərin iştirakı da təmin olunmalıdır. Hökuməti tərifləyən adamların müzakirələrə cəlb edilib "hər şey yaxşıdır" deməsi ilə Azərbaycan iqtisadiyyatını qaydaya salmaq mümkün deyil. Alternativ fikrə ehtiyac var".

Musavat.com