İşdən çıxarılan prorektorun “NUR” məscidi aşkarlandı – Yardımlıda

25 Avqust 2016 13:15 (UTC+04:00)


AzNews.az-ın əldə etdiyi məlumata görə, Nəbiyev Azərbaycanda Fətullah Gülənin əsas təbliğatçılarından bir hesab olunur. O, təmsil etdiyi cərəyan üçün kifayət qədər böyük işlər görmüş adam kimi həmişə "gülənçilərin" diqqət mərkəzində olub. Araşdırma zamanı məlum olur ki, Nəbiyev nurçuluğun təbliği üçün bir məscid də tikdirib. Yardımlı rayonunun Ostayır kəndində anadan olan Şaiq Nəbiyev məscidi elə öz kəndində inşa etdirib. Məlumata görə, Nəbiyev 2000-ci illərdə kənddə köhnə şiə məscidin yerində ucaltdırdığı məscidin adını da "Nur" qoyub.

AzNews.az-ın əməkdaşı məlumatı dəqiqləşdirmək üçün kənd sakinləri ilə əlaqə saxlayıb. Sakinlər xəbəri təsdiqləyiblər. Onların sözlərinə görə, sözügedən məscidə "Nur" adının qoyulması kənddə narazılıqla qarşılanıb. Əhalisi şiə olan kənd sakinlərinin uzun mübarizəsindən sonra, cəmi bir neçə il əvvəl həmin "NUR" sözü məscidin üstündən sökülüb. Yalnız bundan sonra camaat məsciddən istifadə etməyə başlayıblar.

Xatırladaq ki, Qafqaz Universitetin tərbiyə işləri üzrə prorektoru və Rəyasət Heyətinin üzvü Şaiq Nəbiyev vəzifəsindən bu gün azad olunub və RH-nin üzvlüyündən çıxarılıb.