“Azərbaycanda inqilabi dəyişikliklər olacaq” – Aydın Mirzəzadə

26 Avqust 2016 14:27 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.

Deputatın fikrincə, bu dəyişikliklər ilk növbədə vətəndaşların hüquqlarını genişləndirəcək, sahibkarlığın güclənməsinə, kənd təsərrüfatının inkişafına, məhsul istehsalının genişlənməsinə səbəb olacaq: "Eyni zamanda iqtisadi sahədə inqilabi dəyişikliklər ediləcək. İndiki konstitusiya ilə vətəndaşın mülkiyyət hüququ toxunulmazdır. Ancaq təəssüflər olsun ki, bu toxunulmazlıq bəzən sui-istifadəyə gətirib çıxarır. Məsələn, özəlləşmə dövründə bir sıra şəxslər qanun əsasında böyük torpaq sahələrinə malik oldular. Hazırda isə həmin torpaq sahələrindən istifadə olunmur. Azərbaycanın əkinə yararlı torpaq sahəsi azdır, bir hissəsi isə sadəcə olaraq, şəxsi mülkiyyətdə olduğuna görə istifadə edilmir, onları yenidən dövriyyəyə çıxarmaqsa qeyri-mümkündür. Konstitusiyaya edilən dəyişikliklər isə bu problemin həllinə kömək edəcək. Belə ki, torpaq istifadə edilmədikdə məhkəmə yolu ilə hüquqi şəxsdən bazar qiymətinə ödəniş edilməklə alınıb və yenidən təsərrüfat dövriyyəsinə buraxılması mümkün olacaq".

Deputat qeyd edib ki, ümumən götürdükdə dəyişikliklər cəmiyyətin bugünkü inkişaf səviyyəsi tələblərinə cavab üçündür: "Dəyişikliklər problemlərin çevik həll olunmasına, yeniliklərin cəsarətlə həyatımıza daxil olmasına, iqtisadiyyatın güclənməsinə, ən əsası isə vətəndaşın hüquqlarının möhkəmlənməsinə, digər tərəfdən sosial vəziyyətin yaxşılaşmasına kömək edəcək".

Bahar RÜSTƏMLİ
AzNews.az