“Uçot dərəcəsinin artırılması üçün daha çox səbəb yaranıb“ - FED rəhbəri

26 Avqust 2016 19:25 (UTC+04:00)

Bu dəfə konfransda əsas diqqət ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Canet Yellenin çıxışına yönəlib. O, "Federal Ehtiyat Sisteminin pul-kredit siyasətinin alətləri: keçmiş, indi və gələcək" mövzusunda çıxış edib. C.Yellen deyib ki, dünya maliyyə böhranı və böyük tənəzzül bütün dünyada Mərkəzi Banklar üçün yeni problemlər yaradır və pul-kredit siyasətində dəyişiklikləri stimullaşdırır: "Bizim mövcud alətlər gələcəkdə iqtisadi tənəzzülün tənzimlənməsi üçün yetərlidir. Baxmayaraq ki, böhranın bizə verdiyi dərslərdən biri də böhran qabağı alətlərin bəzilərinin üzləşdiyimiz çətinlikləri dəf etmək, bəzi iqtisadi məsələlərin həlli üçün yetərli olmadığını göstərdi. Bununla belə, gələcəyə nəzər salaraq qeyd etməliyəm ki, pul-kredit siyasətində bir çox alətləri saxlamaq lazımdır. Bu konfrans keçmişdən dərs çıxarmaq üçün imkan yaradır və gələcək pul-kredit siyasətinin formalaşmasında mühüm rol oynayır".

C.Yellen bildirib ki, son zamanlar uçot dərəcəsinin artırılması üçün daha çox səbəb yaranıb: "Hazırda ABŞ iqtisadiyyatı FED-in maksimum məşğulluq və qiymət sabitliyi ilə bağlı hədəflərinə yaxınlaşır. Hesab edirəm ki, buna görə də son aylarda uçot dərəcələrinin artırılması tərəfdarları çoxalıb. FED rəsmiləri mərhələli şəkildə uçot dərəcəsinin artırılmasını dəstəkləyir".


APA.az