“Bakı Qarabağla bağlı Kremldən dəqiq cavab ala bilmir” - Politoloq

27 Avqust 2016 13:27 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

O, qeyd edib ki, Ermənistanın danışıqlardan məğlub çıxmaması Dağlıq Qarabağda referendum məsələsinin separatçıların xeyrinə həll olunması deməkdir: "Belə olan halda danışıqların məğlubu Azərbaycan olmalıdır. Putinin Ukrayna siyasəti göstərir ki, Rusiya prezidenti qonşu ölkələrin Kremlə tabe olmasını istəyir. Əks halda Rusiya prezidenti həmin ölkəyə qarşı aqressiv siyasət aparır. Gürcüstan və Ukrayna Qərblə yaxınlıq etdiklərinə və müstəqil siyasət yürütdüklərinə görə Moskva tərəfindən cəzalandırıldı".

E.Şahinoğlunun fikrincə, V.Putinin Bakıdan da eyni istəkləri var. Həmin istəklər aşağıdakılardır:

Birincisi, Azərbaycan bütövlüklə Rusiyanın regional maraqlarını nəzərə almalıdır, ən azı Avrasiya İqtisadi Birliyinə qoşulmalıdır;

İkincisi, Azərbaycan NATO-dan uzaq durmalıdır, Xəzərdə Qərbin bu və digər şəkildə hərbi varlığına imkan verməməlidir;

Üçüncüsü, Azərbaycan Rusiyanın maraqları əleyhinə Xəzərin dibi ilə Türkmənistana boru xətti çəkməməlidir.


Politoloq hesab edir ki, əslində rəsmi Bakı Putinin bu istəklərini nəzərə almağa hazırdır: "Ancaq Azərbaycan hakimiyyəti Putinin bu ağır şərtlərini yerinə yetirəcəyi halda Kreml Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirəcəkmi? Bu suala rəsmi Bakı Kremldən dəqiq cavab ala bilmir".


Bahar RÜSTƏMLİ
AzNews.az