Nizami Zöhrabinin ölümündən 40 gün keçir – Bioqrafiya

27 Avqust 2016 13:44 (UTC+04:00)



18 iyul 2016-ci il tarixdə qəflətən ürək tutmasından vəfat edən N.Zöhrabi 01.01.1955-ci ildə Yardımlı rayonunun Xanbulaq kəndində anadan olub. 1981-ci ildə Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı institutunu bitirib.
Dünya Xalqları Yazıçılar Birliyinin Azərbaycandakı Baş Təmsilçisidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

3 mənzum bədii əsərin müəllifidir.

Birinci əsəri "Məkkədən doğan Günəş" (2002) 6754 beyttən ibarətdir və Həzrəti Muhəmmədin (s.ə.v) mövludundan vəfatına qədər olan dövrü əhatə edir. Bu kitab 2002-2013-ci illər arasında 7 dəfə çap olunub. Kitab haqqında Türkiyə, İran, İraq, Misir, Suriya, BƏƏ, Qazağıstan, Qırğızıstan, Tacikistan TV kanallarıyla proqramlar yayınlanıb.

İkinci əsəri - "Fateh" (2004) dünya tarixinin ən böyük hadisələrindən birinə – İstanbulun türklər tərəfindən fəthinə həsr edilib.
Bu əsər 2006,2010,2011,2012-cı illərdə İstanbulda "İz Yayıncılık"dan Türkiyə türkçəsində yayınlanıb. 2005-ci ildə Azərbaycan Dövlət Radiosu "Fateh"in 80 dəqiqəlik radio-teatrını hazırlayıb və 2005-2010 illərində Dövlət Radiosu ilə yayınlanıb. 2007-ci ildə "Fateh" radioteatrı İsveçdə özəl radio kanalıyla efirə verilib. Bu əsər 2004-2007-ci illərdə Azərbaycanda 5 dəfə yayınlanıb.

Üçüncü əsəri "Ulu Türkün Öndəri" (2007) Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün doğumundan Türkiyə Cümhuriyyətinin elanına qədər olan dövrü əhatə edir. Əsər 2010-cu ildə T.C. Atatürk Araşdırmalar Mərkəzində (Ankara) yayınlanıb. 2008-ci ildə bu əsərin 3 hissədən ibarət 4 saatlıq radioteatrı Azərbaycan Dövlət Radiosu tərəfindən səsləndirlib. Bu, Azərbaycan Dövlət Radiosu tarixində ilk və hələ ki, tək olan 3 hissəli radioteatrıdır. Əsərləri haqqında Azərbaycan, Türkiyə və Almaniya mətbuatında məqalələr nəşr olunub.

Hər 3 əsəri klassik şeir formasında, məsnəvi tərzində yazılıb. Əsərlərindən nümunələr universitet tələbələri üçün hazırlanmış dərsliklərə daxil edilib, onlar barədə beynəlxalq konferanslarda məruzələr edilib.

O, 2005-ci ildə YOM Türk Dünyası Mədəniyyət dərgisini təsis edib və 14 ölkəyə dağıdılan dərginin 2005-2008-ci illərdə baş redaktoru olub. Hazırda İstanbulda yayınlanan "YOM"un Azərbaycan təmsilçisidir.

Ədəbi fəaliyyəti ilə bağlı 20 fevral 2008-ci ildə Erciyes universitetində (Kayseri şəhəri) "Azərbaycandan Anadoluya uzanan şair: Nizami Zöhrabi" adlı konferans düzənlənib.

Bundan başqa onun ədəbi fəaliyyət ilə bağlı Azərbaycan Pedaqoji Universitetində(2006), Qazaxıstan Milli Universitetində (2016) konfranslar təşkil olunub. Ümumtürk mədəniyyəti haqqında 20-dən artıq məqalənin müəllifidir və bu mövzularda olan 30-dan çox televiziya proqramında iştirak edib.

Nizami Zöhrabi bədii tərcümə ilə də məşğul olurub. O, 145 əcnəbi yazıçının, şairin , elm adamının əsərlərindən nümunələri Azərbaycan türkcəsinə çevirib.

Ailəli idi, 3 övladı var.