Ərəb turistləri gətirən avtobus qəzaya düşdü - 2 ölü, 16 yaralı (Yenilənib)

30 Avqust 2016 15:13 (UTC+04:00)

Bu barədə Şamaxı rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Məlumata əsasən, müraciət edənlərdən 10 nəfər ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb, 6 nəfər isə xəstəxananın Cərrahiyyə şöbəsinə yerləşdirilib. Həmin 6 yaralı - Əhməd Nasir, Rəvan Hüseyn, Abbas Yusif, Ömər Xalid, Rəvan Əsir və Fatimə Əsir avqustun 30-da günorta saatlarında xəstəxanadan köçürülüb.

***
14:27


Azərbaycanda ərəb turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb.

Hadisə avqustun 29-da axşam saatlarında baş verib.

Qəbələdən Bakıya gələn "Hyundai" markalı mikroavtobusun sürücüsü İsmayıllı rayonu ərazisində idarəetməni itirib və avtobus aşıb. Hadisə nəticəsində avtobusda olan 18 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, turistlərdən iki nəfər xəstəxanada dünyasını dəyişib.

Avtobusdakıların hamısı Azərbaycana gələn ərəb turistlər olub. Turistlər Qəbələ rayonundan Bakıya qayıdırmış.

Faktla bağlı araşdırma aparılır.

Trend.az

***
13:56


Bakıdan Qəbələ istiqamətində hərəkət edən sərnişin avtobusu İsmayıllı rayonu ərazisində qəzaya uğrayıb.

Hadisə şahidlərinin sözlərinə görə, sərnişin avtobusu yük maşını ilə toqquşub.

İlkin məlumatlara görə, 2 nəfər hadisə yerində keçinib. Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hələlik ölən və yaralıların dəqiq sayı bilinmir.

Azvision.az