Urmiyə məzarlığı ilə bağlı millət vəkilinə müraciət edildi

1 Dekabr 2012 09:41 (UTC+04:00)
Güney Azərbaycanın Urmiyə şəhərində tapılan kütləvi məzarlığın məhv edilməsi hüquq-müdafiə təşkilatlarının etirazına səbəb olub.

"Azərbaycanın Qərbi" İctimai Təşkilatı məsələ ilə əlaqədar Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipura müraciət ünvanlayıb. Müraciətdə tarixi gerçəkliklərin "Qarasandıq" qəbiristanlığında sement altında gizlədildiyinə işarə edilərək, Məktəbləri Yenidənqurma Təşkilatından həmin layihəni dayandırmaq tələb edilir.

Millət vəkilinə müraciət edən təşkilat layihənin dayandırılması üçün valinin göstəriş verməsini vacib hesab edib. Eyni zamanda N.Qazipurdan bu məsələdə sərt mövqe nümayiş etdirmək tələb olunub: "Urmiyədə məktəbdə yenidənqurma işləri aparılarkən azərbaycanlıların erməni-asuri dəstələri tərəfindən soyqırıma məruz qalmasına dair kütləvi məzarlıq aşkar edilib. Lakin rejim kütləvi məzarlığın dağıdılmasına göstəriş verib. Bu məsələ ilə bağlı məktəb layihəsinin dayandırılması üçün valiliyə müraciət etməlisiniz".

Alpər Oğuz
AzNews.az