“İran Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olur”

2 Dekabr 2012 09:34 (UTC+04:00)


"Kənar ölkələr Ermənistan-Azərbaycan münasibətlərinin qurulmasına və Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olurlar". Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yevda Abramov bildirib.

Onun sözlərinə görə, qonşu İran İslam Respublikası da Dağlıq Qarabağ münaqişəsinin həllinə əngəl törədir. Y.Abramov deyib: "Əgər İran Ermənistana kömək etməsəydi, o zaman Dağlıq Qarabağ münaqişəsi çoxdan həll olunardı. İran prezidenti Serj Sarkisyanı özünün doğma qardaşı hesab edir, hətta ona bahalı hədiyyələr bağışlayır, Ermənistana hərbi və digər sahələrdə yaxından köməklik göstərir. Əgər İranın Ermənistana yardımı olmasaydı, o zaman Ermənistan çoxdan sülhə razılıq verərdi. Hazırda Ermənistanın quru yolla açıq sərhəddi də yalnız İranladır".

Vasif Həsənli
AzNews.az