Xəyyam Nisanov “Gangam style”-dan sonra “Davay, do svidaniya”... – FOTOSESSİYA

2 Dekabr 2012 16:51 (UTC+04:00)
Müğənni Xəyyam Nisanov Heydər Əliyev Sarayında "Solo" adlı solo-konsert proqramı ilə çıxış edib. AzNews.az-ın məlumatına görə, müğənni repertuarında yer alan hit və yeni mahnılarını ifa edərək tamaşaçıları təəccübləndirməyi bacarıb.

X.Nisanov məşhur "Gangam style" mahnısını, ardınca "Davay, do svidaniya" qafiyəsilə məşhur olan meyxana ifaçıları İntiqam və Ehtiram Rüstəmov qardaşları ilə duet oxuyub və nağara ifaçıları ilə birlikdə nağara çalaraq öz məharətini nümayiş etdirib. Bundan başqa, müğənni Əməkdar artistin Tünzalə Ağayeva ilə səsləndirdiyi duet mahnı da tamaşaçılar tərəfindən müsbət qarşılanıb.

Maraqlı səhnə dekorasiyası qurulan konsertdə ukraynalı rəqqaslarla birlikdə çıxış edən müğənni rəngarəng rəqs nümunələrilə diqqət çəkib.
Rejissoru Ülviyyə Könül, prodüseri Murad Arif olan "Solo" adlı konsertdə X.Nisanov haqqında qısa video-çarx da nümayiş olunub. Video-çarxda Vaqif Gərayzadə, Faiq Ağayev, Murad Arif, Ülviyyə Könül və başqaları səbəbkarla bağlı ürək sözlərini bildiriblər.

Qeyd edək ki, konsertdə X.Nisanovun həmkarları ilə yanaşı, bəzi mədəniyyət və incəsənət nümayəndələri də iştirak ediblər.

Fuad Mədətov
AzNews.az