“Onlar Azərbaycan diasporunu parçalamaq istəyirlər“

3 Dekabr 2012 11:40 (UTC+04:00)


""Milyarderlər İttifaqı"na münasibətim əvvəldən mənfidir". Bunu jurnalistlərə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev deyib. O qeyd edib ki, hətta bu təşkilat elan olunmazdan əvvəl onun rəhbərləri ilə görüşündə də təşkilata mənfi münasibətini bildirib.

"Bu təşkilatı yaradanlar ancaq öz şəxsi məqsədlərini və mənafelərini güdürlər. Onlar Azərbaycanın Rusiyadakı diasporu ilə heç bir halda bağlı deyillər və bu hərəkətləri ilə əslində Azərbaycan diasporunu parçalamaq niyyətini güdürlər. Ona görə bu təşkilatı mənfi qiymətləndirirəm. Onun heç bir perspektivi olmayacağını qeyd edirəm".

Ziyalılar forumuna münasibət bildirən R.Mehdiyev qeyd edib ki, təşkilat Azərbaycanda heç də adından göründüyü kimi bütün Azərbaycan ziyalılarını ətrafında birləşdirmir.

"Bu gün o təşkilatda cəmi 10-15 nəfər var ki, onlar da öz şəxsi məqsəd və mənafeləri naminə birləşiblər. Onların ya biznes maraqları təmin olmunmayıb, ya deputat seçilə bilməyiblər, ya da vəzifələrindən kənarlaşdırılıblar. Ona görə də öz narazılıqlarını bu formada çatdırmaq üçün bir araya gəlib ziyalılar adına iddia edən təşkilat yaradıblar".

R.Mehdiyev vurğulayıb ki, Azərbaycanda ziyalılar yüz minlərlədir: "Onlar hər zaman öz mövqelərini ortaya qoyurlar. Onlar birmənalı olaraq indiki hakimiyyətin kursunu və mövqeyini dəstəkləyirlər. Yəni bu forumda birləşən azsaylı insanları Azərbaycan ziyalıları adına bir qüvvə hesab etmək olmaz".

Vasif Həsənli
AzNews.az