Bahar Muradova Nigar Yaqubludan danışdı

3 Dekabr 2012 17:26 (UTC+04:00)
Milli Məclis sədrinin müavini Bahar Muradova Müsavat Partiyası Gənclər Təşkilatının üzvü Nigar Yaqublunun həbsinə və "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsindəki mübahisəli məqama münasibət bildirib.

Lent.az-ın verdiyi məlumata görə, Nigar Yaqublu ilə bağlı hadisənin incəliklərinin ona bəlli olmadığını söyləyən Bahar Muradova bildirib ki, humanizm nöqteyi-nəzərindən yanaşılsa, o, bu gün məhkəmə hökmü ilə həbsdə olan, istintaq altında olan xanımlarımızın azad olunması hallarının daha çox olmasını istərdi. "Hər kəsin azad olmasını istərdim" deyən Bahar Muradova Nigar Yaqublunun "siyasi məhbus" adlandırılması düzgün saymayıb: "Ümumiyyətlə, bizdə qəribə bir tendensiya var. Kimin hansı cinayət törətməsi və yaxud da, kimin hansısa qəzaya düşməsi məsələsi bir yanda qalır, onun siyasi mənsubiyyəti qabardılır. Düzgün olmayaraq bu məsələ ətrafında araşdırmalara, müzakirə və diskussiyalara yol verilir. Bu da təbii ki, insanların mövqeyini tamamilə yanlış bir istiqamətə yönəldir. Ona görə də mən bu kimi məsələlərin ətrafında nə siyasi, nə də digər ajiotaj yaratmağın tərəfdarı deyiləm. Hər bir qurum öz işini görməlidir və hər kəs də qanun qarşısında cavabdehliyini özü daşımalıdır".

Milli Məclisin Sosial siyasət komitəsində hazırlanan reproduktiv sağlamlıqla bağlı qanun layihəsində bir kişinin beş qadına donorluq etməsi ilə bağlı məqama da münasibət bildirən Bahar Muradova qeyd edib ki, bu, hələ layihədir və işçi qaydada müzakirə olunur: "Bizdə cəmiyyətdə birmənalı qarşılanmayan qanunların müzakirəsi çox vaxt aparır. Biz məqsədli olaraq belə qanunların ictimai müzakirələrini təşkil edirik və ən müxtəlif təbəqələrin fikirlərini öyrənirik. Eyni zamanda beynəlxalq təcrübəni, digər ölkələrin qanunvericiliyini, model qanun kimi qəbul olunan qanunları nəzərdən keçiririk. Elmin, tibbin nailiyyətlərini, imkanlarını da nəzərə alırıq. Bu da həmin qanunlardan biridir və onu hələ qəbul olunmuş qanun saymaq olmaz. Bu qanunda əks olunan fikirlərin hər biri təklif qaydasındadır. Qarşıdakı müzakirələrdə baxıb görəcəyik ki, bu fikirlərin hansı nə dərəcədə dəstək qazanacaq. Qanun qəbul olunandan sonra onun haqqında qəti fikir söyləmək olar".

AzNews.az