Kürün deltasında nə aşkarlandı?

4 Dekabr 2012 09:18 (UTC+04:00)
Kürün mənsəb hissəsində axıma nəzarət etmək məqsədilə növbəti hidroloji tədqiqat və ölçmə işləri aparılıb. Çayın deltasında tədqiqatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mütəxəssisləri həyata keçirib.

Kür–Surra məntəqəsindən başlayaraq çayın Ana Kür və Bala Kürə ayrılan qollarında, yeni açılmış kanalın müxtəlif hissələrində çaydakı su sərfi ölçülüb. Həmçinin Qoltuq körfəzinə tökülən qollar tədqiq edilib. Bala Kürün və Yeni kanalın çıxışlarında açıq dənizin dibinin profilləri çıxarılıb. Qeyd edək ki, hidroloji ölçmə işləri müasir ultrasəs dopler cihazının köməyi ilə aparılıb.

Aparılmış müşahidələrə görə Kür çayının Bankə məntəqəsində müşahidə olunan 160 m3/san su sərfinın 40 faizinin Kür çayının deltasında şimal-şərqə doğru Bala Kür qolu vasitəsilə, 60 faizinin isə çayın əsas qolunun davamı olan Yeni Kanal vasitəsilə dənizə axıdıldığı müəyyən edilib. Cənub tərəfdən Ana Kürdən Qoltuq körfəzinə açılan xırda qollara axım isə səviyyənin aşağı olması səbəbindən tamamilə dayandırılıb.

Elnarə Əlosmanqızı
AzNews.az