Partiya sədri Vaşinqtona getdi

4 Dekabr 2012 10:16 (UTC+04:00)
Bu gün Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə 4-cü Avropa-ABŞ Forumunda iştirak etmək üçün Vaşinqtona səfərə gedib.

DİP-dən AzNews.az-a verilən məlumata görə, forumda "Transatlantik dilemmaların gücü: strateji, iqtisadi və sosial" mövzusu müzakirə olunacaq. Deputat A.Mollazadə panellərin birində mövzu ilə bağlı çıxış edəcək.

Forum Polşanın Şərq Araşdırmaları İnstitutunun və ABŞ-ın Con Hopkins Universitetinin Transatlantik Əlaqələr Mərkəzi tərəfindən təşkil olunub.
Onun keçirilməsində məqsəd ABŞ və Avropa İttifaqından olan aparıcı liderlərin, Transatlantik ictimaiyyətin qarşısında duran strateji, iqtisadi və sosial tələbləri, enerji problemlərini, iqtisadi böhranın hazırkı vəziyyətini araşdıraraq onların effektiv həllinə dair müzakirələr aparmaqdır. Buradakı siyasi və intellektual debatlarda Transatlantikanın problemlərinin cəmiyyətə necə təsir etdiyi, ümumi məqsədlərə çatmaq üçün enerji resurslarından səmərəli istifadə yolları, ABŞ və Avropa arasında əməkdaşlıq üçün yeni çərçivələri necə tapmaq barədə fikir mübadiləsi aparılacaq.

Forumda ABŞ və Avropa ölkələrinin hökumət və parlament nümayəndələri, nüfuzlu fondların, beyin mərkəzlərinin rəhbərləri, aparıcı siyasi partiyaların liderləri, müxtəlif sahələr üzrə dünyada tanınmış ekspertlər iştirak edəcək.

Vasif Həsənli
AzNews.az