Uşaq qidalarının qiyməti necə tənzimlənir? - ARAŞDIRMA

4 Dekabr 2012 11:33 (UTC+04:00)


Ana südünün faydaları ilə bağlı çox yazılıb, çox deyilib. Hər halda heç bir süni qidanın ana südünü əvəz edə bilmədiyi hər kəsə məlumdur. Ancaq ortada bir reallıq var: ana südü olmayanda körpəyə süni qida vermək qaçılmaz olur. Düzdür, keçmişdə bu problem "süd anaları" vasitəsi ilə həll olunub, ancaq indi vəziyyət tamamilə başqadır. Hazırda hətta ən ucqar kəndlərdə belə, "süd anaları"na nadir hallarda rast gəlinir. Odur ki, ən rahat çıxış yolu süni qidalardır...

Lakin uşaq qidalarının bahalığı imkansız və orta təbəqədən olan ailələri sözün həqiqi mənasında, maddi baxımdan sıxıntıya, çətin duruma salır. Uşaq qidalarının satışını təşkil edən şirkətlər də sanki valideynlərin başqa çıxış yolu olmadığını və almaq məcburiyyətində qaldıqlarını bildikləri üçün qiyməti kifayət qədər bahalaşdırırlar.

Mövcud vəziyyət bir maraqlı faktı ortaya çıxarır: məsələn, 2-3 aylıq bir körpənin aylıq qidalanmasına sərf edilən pul 3 nəfərlik bir ailənin 30 gün ərzində ətə xərclədiyi məbləğdən də çox olur. Məsələn, orta təbəqədən olan, 3 nəfərdən ibarət bir ailə ay ərzində maksimum 5 kilo ət istifadə edir. Bu, 40 manat edir. Amma 4 aylıq bir körpə ayda 8 qutu uşaq qidası yeyirsə, bu, 50 manat edir. Biz bu hesablama zamanı "Hipp pre" uşaq qidasının qiymətini əsas götürmüşük. Məlumat üçün bildirək ki, bu uşaq qidasının 1 qutusu 6 manat 30 qəpiyə satılır. 8-10 manata, hətta daha yüksək qiymətə satılan uşaq qidaları da var. Məsələn, "Nutrilak" uşaq qidasının bir qutusunun qiyməti 11 manatdır. Bu qidanı seçən ailələrdə körpənin qida xərci 88 manata qədər yüksələ bilir. Həkimlər valideynlərə bu qidanı təklif edərkən, onun vitaminlərlə daha zəngin olduğunu iddia edirlər.

"Uşaq qidaları Bakıda neçəyə satılırsa, bölgələrdə də eyni qiymətədir"

Marketoloq Tural Abdullayev mövzu ilə bağlı sualımıza belə cavab verdi: "Ərzaq və xidmətlərin bahalığına görə Bakı dünyanın 50 şəhəri arasında yer alır. Bu baxımdan uşaq qidalarının da bahalığı qaçılmaz olub. Ancaq burada bir məqam da var. Söhbət ondan gedir ki, uşaq qidaları Bakıda neçəyə satılırsa, bölgələrdə də eyni qiymətədir. Zənnimcə, bu bahalığın əsas səbəblərindən danışırıqsa, gömrük və vergi xərclərini də mütləq nəzərə almaq lazımdır. Nəticədə bu qidaların qiyməti süni şəkildə artırılır. Mənim bildiyimə görə, bizdə qiyməti kifayət qədər baha olan uşaq qidalarının bir çoxunun qiyməti Türkiyədə 3 manatdan baha deyil".

"Pediatrlara mütəmadi tapşırıqlar verilir"...

Azərbaycanın baş pediatrı Nəsib Quliyev də mətbuata açıqlamasında pediatrların süni uşaq qidaları istehsal edən şirkətlərlə işbirliyinin yolverilməz olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu barədə pediatrlara mütəmadi tapşırıqlar verilir...

Bu mövzuda hər zaman açıqlamalar verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov uşaq qidalarının baha olmasından danışmaqdan yorulmur ki, yorulmur. O bu mövzunu davamlı gündəmdə saxlamasını ona edilən müraciətlərlə əlaqələndirir. Dediyinə görə, gənc ailələrdən rəhbəri olduğu Birliyə bu mövzuda tez-tez müraciətlər daxil olur. (Zaman.az)

"Şirkətlərlə pediatrların işbirliyi gənc ailələrin başında çatlayır"

E. Hüseynovun sözlərinə görə, bu mövzu, daha doğrusu, problem gənc ailələri ciddi şəkildə narahat etməkdədir. Ancaq başqa çıxış yolu olmadığından gənc ailələr bu məhsulları alırlar. Yeri gəlmişkən qeyd edək ki, bəzi doğum evlərində süni uşaq qidaları qeyri-rəsmi şəkildə reklam edilir. Bəlkə də bu reklamlar özəl xəstəxanalarda aparılsaydı, normal qəbul etmək olardı. Ancaq dərd orasındadır ki, dövlət xəstəxanaları da bu işə cəlb olunub. Deyilənə görə, şirkətlər bu reklamların müqabilində həkimlərə "hörmət" edirlər. Bu halla üzləşənlərdən biri də gənc ana Sevinc Abbasovadır. O, bu hadisənin Dəmiryol Xəstəxanasında şəxsən şahidi olduğunu söylədi. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edir ki, bir çox hallarda şirkətlərlə pediatrların işbirliyi gənc ailələrin başında çatlayır.

AzNews.az