Dəcəl yamac

4 Dekabr 2011 14:48 (UTC+04:00)


Dünyada əbədi olan bir neçə hadisə vardır ki, onlardan biri də bizim Bakı şəhərində Bayıl yamacının sürüşməsidir.

Mən gözümü açandan bəri elə eşidirəm ora sürüşür. Hətta bəzi vaxtlarda yamac sürüşüb gedib dənizə girib, orda xeyli çimib-qurulanandan sonra hökumətimiz təzədən onu qaytarıb dağın döşünə qoyubdur ki, uzan, günə ver özünü. Bayıl yamacı deyir yox, sürüşəcəyəm, hökumət deyir, əşşi, insafın olsun, uzan görək orda, bizi işə salma. Bu deyir etmə-eləmə, o deyir eləyəcəyəm. Sanarsan hökumətimiz və yamac güləşirlər. Gah o bunun kürəyini yerə vurur, gah bu onun. Təbiətdə suyun dövranı olduğu kimi, bizim dövlətdə də Bayıl yamacının sürüşməsinin dövranı mövcuddur.

Bayaq güləşdən yazdım, ancaq indi ağlıma gəlir ki, əslində səhv yazdım. Bayıl yamacını biz başqa idman növlərində uğurla sınaya bilərik. Məsələn, fiqurlu konkisürmə, xizək yarışlarında. Bu sürüşmək qabiliyyəti ki, onda vardır, heç şübhəsiz olimpiadalarda qızıl medal alar, gətirib lazım bilsə Badamdart və 20-ci sahənin yaxasından asar, deyər gedin kef eləyin hesabıma.
Təzəlikcə yamac yenə sürüşübdür, yollarda dərin yarğanlar, çatlar yaranıbdır. Hətta bəzi Bayıl sakinləri çatın qırağına uzanıb Yerin o biri üzündəki Avstraliya qitəsində kenquruların yallı oynamasına tamaşa edə bilirlər. Yəni bu dərəcədə yekə çatlar imiş.
Sual yaranır ki, axı bu yamac niyə sürüşür, yerində dayanmaq istəmir. Bunun bir neçə səbəbləri ola bilər. Geoloqlarımız da yəqin təsdiqləyərlər. Təsdiqləmək istəməsələr də yaxalarından orden-medal asarıq, təsdiqləyərlər. Hələ dünyada heç bir alim bizim orden-medalların qabağında dayana bilməmişdir. Eh, nə qədər alim sürüşüb yıxılıbdır... Nə isə mövzumuz bu deyildir. Sürüşmə səbəbləri bizi maraqlandırır.

Birinci səbəb belə ola bilər ki, torpaq sürüşüb gedib Qarabağı almaq fikrindədir. Necə deyərlər, torpaq torpağı çəkər. Neyləsin, 20 ildir baxır görür bizdən bir hərəkət yoxdur, deyir gedim özüm alım. Hesablamalara görə, Bayıl yamacı babat sürüşsə bütün Qarabağ yaylasının üzərini 2 santimetr qalınlığında torpaqla örtmək mümkündür. (Heç kimə deməyin, bu bizim Qarabağı almaq üçün ehtiyat planlarımızdan biridir). Bu hesablamanı mən hələ 1989-cu il Meydan hərəkatı vaxtından eşitmişəm.

İkinci səbəb yamacda çoxlu evlərin tikilməsidir. Özü də bu tikintilər çox gülməli aparılır. Məsələn, Səbayel rayonuna hər yeni icra başçısı qoyulanda özündən əvvəlki başçının satdığı torpaqları təzədən satır. Bu, bələdiyyəyə də aiddir. Yamac sürüşür, evlər çatlayır, hökumət kompensasiya ödəyir, ya da heç zad ödəmir, bir dəstə fəhlə sement maşını ilə gəlirlər, deşik qazıb çatları doldururlar, çıxıb gedirlər. Elə ki, yamac nəfəsini dərib bir qədər istirahət edir, bu zaman torpağı təzədən satırlar, evlər tikilir, yamac qazılır, yenə torpaq sürüşür. Belə, çox maraqlı prosesdir. Sanki o zonada torpaq alanlar, ev, obyekt qayıranlar ekstrimlə məşğul olmaqdan həzz alırlar. Mən hərdən fikirləşirəm nə yaxşı Etna vulkanı Abşeron yarımadasında deyildir, yoxsa bizim bəzi havalanmış pullu insanlar onun düz kraterini satardılar, camaat da kamali-ədəblə gedib kraterin qırağında ev tikərdi. Abşerondakı palçıq vulkanları üzərində azmı ev tikmişik? Biz qorxmaz insanlarıq.
Üçüncü səbəbi hökumət özü açıqlayıbdır, deyirlər yamac zonasında camaat suyu torpağa axıdır, kanalizasiya sistemləri zəifmiş, ona görə torpaq sürüşür. Əgər belədirsə, nə üçün Abutalıbovu oraya təhkim etmirlər? Hacıbala bəy Bakının başqa ərazilərində suyun torpağa hopmasının qarşısını almaq üzrə böyük uğurlara imza atmışdır. Yolları, küçələri elə təmir ediblər ki, yağış damcıları başını soxmağa bir deşik də tapmır, göllənib qalır torpağın üzərində. Düzdür, üst-başımız islanır, şəhər dənizə dönür, ancaq torpaq sürüşmür. Əsas olan da budur.
İndicə pəncərədən baxdım, gördüm Bayıl yamacı bizim binanın qabağında sürüşür. Çox dəcəldir yaramaz...