Aqil Abbas Ziyalılar Forumunu “vurdu”

4 Dekabr 2012 15:25 (UTC+04:00)


"Azərbaycanda təşkilatlar çoxdur. Ziyalılar Forumu da müstəqil müxalif təşkilatdır. Həmin qurum müxalifət partiyası deyil, sadəcə təşkilatdır".

Bunu AzNews.az-a yazıçı, millət vəkili Aqil Abbas Ziyalılar Forumunun fəaliyyətinə münasibət bildirərkən deyib. O qeyd edib ki, ölkədə problemlərin olmasını hərə bir cür diqqətə çatdırır: "Müəyyən ziyalılar var ki, həmin quruma toplaşıb. Hamı kimi bunlar öz təşkilatlarında sözlərini deyirlər. Sadəcə, bunlar məsələlərə daha radikal yanaşırlar. Bu, normal haldır. Ölkədə problemlərin olmasını hərə bir cür diqqətə çatdırır. Hörmətli Ramiz Mehdiyevdən misal gətirmək olmasın, Azərbaycanda bütün ziyalıların adından heç bir təşkilat danışa bilməz. Həmin qurumda ziyalıların olması bütün ziyalıları təmsil etmək demək deyil. Azərbaycan ziyalılarının başqa təşkilatları da var".

Millət vəkili parlament haqqında səsləndirilən fikirlərə də münasibət bildirib: "Seçkilər tam demokratik keçirilir. Seçilən deputatlardan biri də mənəm. Getsinlər, seçildiyim dairədən araşdırma aparsınlar. Azərbaycan Konstitusiyasında parlamentin buraxılma mexanizmi yoxdur. Niyə buraxılsın? Hansısa bir deputatın səhvi 124 deputatın üstünə atılmalıdır? Parlamentin buraxılmasını tələb edənlərin əksəriyyəti vaxtilə deputat olublar. Onlar necə seçilmişdilər? Necə olur, dostum, görkəmli yazıçı Əkrəm Əylisli demokratik, amma Sabir Rüstəmxanlı, İlyas İsmayılov qeyri-demokratik seçilir?! Bu cür yanaşma düzgün deyil. O zaman Əkrəm müəllim də etiraf etsin ki, özü də qeyri-demokratik seçilib".

İlkin
AzNews.az