Orta məktəbin zirzəmisindən silah tapıldı

4 Dekabr 2012 16:58 (UTC+04:00)
Bakıda orta məktəblərdən birinin zirzəmisində xeyli silah-sursat tapılıb. AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Xətai rayonunda 59 saylı orta məktəbin binasının zirzəmisində döyüş sursatı aşkarlanması barədə nazirliyə məlumat daxil olub. Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb ediliblər.

Nazirliyin mütəxəssisləri baxış keçirərkən aşkar edilən sursatın istifadəyə yararsız olan (təlim üçün istifadə edilən) 4 ədəd 100 mm-lik top mərmisi (2 ədəd gilizli, 2 ədəd gilizsiz), 2 ədəd tank əleyhinə TM-62 markalı mina və 2 ədəd MVC-62 markalı mina partladıcısı olduğu müəyyən edilib. Aşkar edilmiş hərbi sursatlar aidiyyəti üzrə təhvil verilib.

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib, digər növ şübhəli əşya aşkar edilməyib.

AzNews.az