Maltada qəzaya düşən təyyarədə Fransa hərbçiləri həlak olub

24 Oktyabr 2016 18:16 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Jan-İv Le Drianın bəyanatında deyilir. Onun sözlərinə görə, təyyarə Fransa Müdafiə Nazirliyi üçün Aralıq dənizində müşahidə missiyası həyata keçirirdi. Uçuşun məqsədi Aralıq dənizində miqrasiya axınının monitorinqini aparmaq, həmçinin qanunsuz insan və narkotik vasitələrin daşınma marşrutlarını aşkarlamaq idi.

Təyyarədəki 5 nəfərin üçü Fransa Müdafiə Nazirliyinin əməkdaşı, ikisi isə təyyarənin sahibi CAE kompaniyasının nümayəndəsi olub. Qəzanın başvermə səbəblərini müəyyən etmək üçün yerli hökumətlə birgə daxili təhqiqat aparılır.

Xatırladaq ki, yüngül mühərrikli təyyarə Malta hava limanından qalxan kimi qəzaya uğrayıb. KİV-lərin məlumatına əsasən, qəza yerli hərbi hissənin yaxınlığında baş verib. Təyyarənin qalıqları hərbi hissənin ərazisinə və yaxınlıqdakı avtomobil şosesinə səpələnib.