"“Məhəbbət əfsanəsi”ni qoymaq üçün nə onlarda güc var, nə də ki ürək"

5 Dekabr 2012 08:00 (UTC+04:00)


Əməkdar incəsənət xadimi, xalq artisti, bəstəkar Arif Məlikovun AzNews.az-a müsahibəsi.

- Bəstəkarlar İttifaqının növbəti qurultayına sayılı günlər qalıb. Sədr postu uğrunda gedən "mübarizə"yə qoşulacaqsınız. Yəni namizədliyinizi irəli sürəcəksiniz?

- Yox, mən Bəstəkarlar İttifaqının qurultayına qarışmayacam.

- Dünya şöhrətli bəstəkarın qurultaydan kənar qalmasına səbəb nədir?

- Mən hələ cavanlıqdan demişəm ki, vəzifə ilə bağlı işlərə getməyəcəm. Doğrudan da bu yaşıma kimi hələ bir an da olsa vəzifədə olmamışam. Bu mənim prinsipimdir.

- Bəs, bu qurultayda sədr postunda kimi görmək istərdiniz?

- Mən dövlətimə öz borcumu sənətimlə verirəm. 1958-ci ildən bu günə kimi Milli Konservatoriyada dərs deyirəm. Bəstəkarlıq kafedrasının müdiriyəm. Bizim kafedra böyük olmasa da, bir neçə müəllim məhz bu işlə məşğuldur. Azərbaycan xalqı qarşısında borcunu vermək istəyən adam həmişə özünə yol tapar. Mən isə bu yolu konservatoriyanın tələbələri ilə birlikdə tapdım. Tələbələrin konserti, filarmoniyada çıxışları, onların Azərbaycan musiqisinin gələcəyində bəstəkar kimi yetişməsində böyük problemlər var. Mən də bu problemlə məşğulam. Ona görə də öz işim başımdan aşır. Sonuncu dəfə Bəstəkarlar İttifaqına nə vaxt girdiyim yadıma gəlmir. 15-20 ildir ki, o ittifaqın qapısını bir dəfə açmamışam. Açmaq fikrində də deyiləm.

- Firəngiz Əlizadənin rəhbərliyini, bəstəkarlıq sənətində gördüyü işləri kənardan necə qiymətləndirirsiniz?

- Bu çox uzun və böyük məsələdir. Amma artıq onu müzakirə etməyin də mənası yoxdur. Təkcə bunu deyə bilərəm, hər kəs öz vəzifəsini xalq qarşısında yerinə yetirsin, vəssalam.

- Deyirsiniz ki, Bəstəkarlar İttifaqını müzakirə etməyin mənası yoxdur. 5 il müddətində görülən işlərə mütəxəssis fikri də lazımdır?

- Açığını deyəcəm. Mən Bəstəkarlar İttifaqına inanmadığım üçün heç nə deyə bilmərəm. Görülən işləri qiymətləndirmək üçün gərək ora bağlı olasan. Orada elə şərait yaranıb ki... İttifaqda təkcə mən yox, bildiyimə görə, bir çox bəstəkarlar var ki, o musiqi ocağının qapısını tanımır.

- Yaşadığın ölkədə bəstəkarların arasında olmamaq sizcə nə dərəcədə düzgündür?

- Hər halda normal olsaydı, başqaları kimi Arif Məlikov da gündə o qapıdan içəri girərdi. Xəyyam Mirzəzadə, Ramiz Mirişli, oğlanları və başqa bəstəkarlar da həmçinin. Hansı bəstəkarı axtarsan, səsi Türkiyə, Almaniya, İtaliyadan gəlir. Yəni gənc bəstəkarları nəzərdə tuturam. Gediblər oralarda işləyirlər.

- Gənc bəstəkarların xarici ölkələrə sığınması acınacaqlı bir vəziyyətdir?

- Bu artıq bizdə ənənəvi xarakter alıb. Çünki uzun illərdir ki, bizim yaşlı, cavan kişi və qadınlarımız ölkədən ailəvi gedirlər. Mənim sinfimi bitirən iki qız da xaricə gəlin köçdü - biri İtaliyaya, biri isə Türkiyəyə. Təbii ki, orada yaşayırsa, bəstəkarlıq sənətini, əsərlərini də həmin ölkəyə verəcək. Xeyri də oralara nəsib olacaq. Əslində bu normaldır. Hər şeyə də təbii baxmaq lazımdır. Nəyi pisdir ki? Qoy coğrafiya genişlənsin.

- Arif Məlikovun əsərləri coğrafiyanı genişləndirir. Azərbaycanda yaşasa da, əsərlərinin sorağı dünya səhnələrindən eşidilir?

- Mənim üç baletim var, bütün dünyada nümayiş olunur. Həmin baletlər Moskva, Sankt-Peterburq, Sibir, Avropanın şəhərlərində, Bolqarıstan, Çexiya, Finlandiya, Türkiyə opera teatrlarının səhnəsində nümayiş olunur. Amma bu qədər ölkələrin böyük teatrlarının səhnəsində repertuar bəzəyi olan əsərlər Azərbaycanın öz teatrında nümayiş olunmur. Niyə? Nəyə görə bütün dünya teatrları, tamaşaçıları bu əsərlərdən zövq alır, tərbiyəvi nəsə götürür, amma Azərbaycan yox? Niyə Arif Məlikovun əsərləri öz vətənində teatrların repertuarında yoxdur?

- Opera və Balet Teatrının direktoru Akif Məlikov isə açıqlamasında "Məhəbbət əfsanəsi"nin bəzi səhnələrinin rəhbərlik etdiyi teatrın səhnəsi ilə uyğunlaşmadığını deyir: "Biz bu baleti bir az qısaldılmış şəkildə vermək istəyirik. Amma buna müəllif razı deyil".

- Mənim bir müəllif kimi belə söhbətdən xəbərim yoxdur. Neçə illərdir ki, biz onunla heç salamlaşmırıq da. Bədbəxtliyə baxın. Bəstəkarlar İttifaqından sual verirsiniz, cavab verə bilmirik, faciədir. Opera və Balet Teatrı faciədir. Necə yəni, sizin səhnəyə, şəraitə uyğun deyil? Yalan danışır. Qısaldılmaq? Nə qısaldılmaq? Nəyə görə mənim üç baletim dünyanın bir nömrəli teatrı olan - Mariinski, Ankara teatrlarında oynanılır, amma Akif Məlikovun səhnəsinə sığışmır? Nəyə görə bütün dünya bundan zövq alır, amma Akif Məlikov yox. Həmin teatrların direktorları Akif Məlikov qədər bilmir? O teatrların rəhbərləri niyə demir ki, bu bizim teatrın səhnəsinə, tamaşanın bütövlüyünə imkan vermir? Bu məsələ dəfələrlə müzakirə olunub. Mən istəyərdim ki, bunu mətbuat yazsın. Arif Məlikovu qoyaq bir yana. Niyazinin çox gözəl bir baleti var. Hanı o? Niyə qoyulmur? Mən millətimə xidmət edirəm. Dünyanın 65-dən çox ölkəsinin teatrlarının repertuarında mənim əsərlərim nümayiş olunur. Niyə "İldırımlı yollarla", Niyazinin "Xosrov və Şirin" operası oynanılmır?

- Vaxtilə "Xosrov və Şirin" Opera və Balet Teatrının repertuarında olub, amma sonradan yığışdırılıb?

- Niyə yığışdırılıb? Bunun səbəbi açılmalıdır. İki ürək dastanı olan "Məhəbbət əfsanəsi"ni qoymaq üçün nə onlarda güc var, nə də ki ürək. Əsər buna görə getmir. Onlar istəsələr də bunu edə bilməyəcəklər. Çünki onların potensial gücü yoxdur.

Bahar Rüstəmli
AzNews.az