YAP-dan amerikalı konqresmenə sərt cavab

5 Dekabr 2012 12:50 (UTC+04:00)


Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov amerikalı konqresmen Adam Şiffin Amerika qanunvericilərini ABŞ-ın Azərbaycanın hərbi ehtiyacları üçün etdiyi bütün yardımları təxirə salmağa çağırması məsələsinə münasibət bildirib.

YAP-çı millət vəkili S.Novruzov AzNews.az-a açıqlamasında deyib ki, ABŞ-da erməni lobbisinə xidmət edən çox sayda konqresmen və senatorlar var: "Hətta ABŞ Azərbaycana səfir təyin edərkən belə dövlət maraqlarına deyil, şəxsi maraqlarına üstünlük verib. Sonra isə prezident Barak Obama məcbur olub öz səlahiyyətlərindən istifadə edərək Metyu Brayzanı 1 il müddətinə Azərbaycana səfir təyin edib. Odur ki, ABŞ konqresmenlərindən bu cür bəyanatlar gözləmək normaldır".

S.Novruzov bu cür çağırışların Azərbaycan üçün hər hansı əhəmiyyət daşımadığını söyləyib. Onun sözlərinə görə, ABŞ və Azərbaycan strateji müttəfiq dövlətlərdir: "Azərbaycan və ABŞ NATO-nun həyata keçirdiyi anti-terror əməliyyatlarında, müxtəlif iqtisadi və siyasi layihələrdə birgə iştirak edirlər.

Buna görə də ABŞ-da Adam Şiff kimi konqresmenlərin bu cür çıxışlar etməsi yersiz və əhəmiyyətsizdir. Biz bu cür çıxışlara onun şəxsi fikirləri kimi baxırıq. Hazırda ABŞ-da Azərbaycanın güclü dostları var. Bu cür çıxışların olması Azərbaycanla münasibətlərə hər hansı təsir etməyəcək".

Vasif Həsənli
AzNews.az