Nailə Rzaquliyeva: “Dərsliklərdə nöqsanlar var...”

5 Dekabr 2012 14:32 (UTC+04:00)
Bütün cəmiyyətlərdə, o cümlədən də Azərbaycanda müasirləşdirilməsi daim zəruri olan əsas sahələrdən biri də təhsil sektorudur. Azərbaycanda, xüsusən, ölkəmizin paytaxtı olan Bakıda orta təhsil şəbəkəsinin dünya təcrübəsindən geridə qalmaması üçün hansı addımlar atılır?

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, əməkdar müəllim Nailə Rzaquliyeva.

- Nailə xanım, bu gün təhsilin əsas problemlərindən biri də məzunların bilik səviyyəsi və repetitorluqla bağlı suallardır. Bu mövzu ilə bağlı mövqeyinizi bilmək maraqlı olardı.

- Cəmiyyətin təhsili müzakirə etməsi, tənqid etməsi qorxulu bir şey deyil. Əksinə, mən sevinirəm ki, indi cəmiyyət təhsilə, onun keyfiyyətinə önəm verir, tələb edir, tənqid edir. Əgər təhsil süst, inkişafsız olsaydı, o zaman tam səssizlik olardı. Təhsildə daim yenilik olduğundan müzakirələr də, tənqid də olacaq.

Əvvəla, hələ ki beynəlxalq aləmdə təhsilin keyfiyyətinin konkret şəkildə qəbul olunan meyarı yoxdur. İlk növbədə bu suala cavab tapılmalıdır. Təbii ki, bu məsələdə konkret nümunə olmadığından hər kəs təhsilin keyfiyyətini obyektiv və ya subyektiv olaraq müxtəlif aspektlərdən izah etməyə çalışır. Əgər bu meyar ali məktəblərə qəbulla ölçülürsə, say, yoxsa sanbal sualı ortaya çıxacaq. Belə ki, məzunların hamısının ali məktəblərə qəbul olunması mümkün deyil. Hər il respublikada tam orta məktəbi təxminən 100 min nəfər bitirir. Ali məktəblərə qəbul planı isə təxminən 29 min nəfərdir. Deməli, bizim ali məktəblər yalnız məzunların təxminən dörddə birini qəbul edə bilər. Üstəlik, ötən illərin məzunları arasında da qəbul imtahanı verənlər kifayət qədər olur. Məzunların bilik səviyyəsinə gəlincə, bu səviyyə qəbulun nəticələrindən görünür. Bakı şəhəri məktəblərinin məzunlarının həm qəbul faizi, həm də orta balı yüksələn xətt üzrə inkişaf edir. Bunu elə TQDK-nın rəsmi məlumatları da təsdiq edir. Belə ki, 2012-ci ildə məzunlarımızın 51,83% - i ali məktəblərə qəbul olunub. Bura xüsusi təyinatlı ali məktəblərə və xarici ölkələrin nüfuzlu ali məktəblərinə daxil olanları da əlavə etsək, daha böyük rəqəm alınar. Bu göstərici 2006-cı illə müqayisədə 17 faiz artıb. Fikrimcə, kəmiyyət dəyişikliyindən keyfiyyət dəyişikliyinə keçid elə budur. Ona görə də ilk növbədə baxış bucağını korrektə etmək lazımdır.

Repetitorluğa gəlincə, bu məsələdə də fikir ayrılıqları var. Məktəb şagirdə proqram həcmində bilik verir. 45 dəqiqə ərzində müəllim şagirdə proqram üzrə nə nəzərdə tutulubsa, onu öyrədir. Hətta bu gün müəllimin daha yüksək səviyyədə öyrətmək imkanları var və bu yerinə yetirilir. Çünki indi yeni təlim texnologiyaları və İKT-dən istifadənin səviyyəsi buna imkan yaradır. Amma bununla iş bitmir. Görək təhsilin ikinci subyekti olan şagird dərsdə aldığı informasiya üzərində işləməyi bacarırmı? Yaxud evdə ilkin biliyi fundamental biliyə çevirə bilirmi? Bax, əsas şərtlərdən biri budur. Mən qətiyyətlə deyərdim ki, məhz evdə uşağın öyrənməsində problem var. Əksər valideynlər uşağın öyrənmə bacarıqlarının inkişafına yardımçı olmaq əvəzinə, ən asan yolu - repetitor yanına göndərməyi üstün tuturlar. Bunun səbəblərindən biri də cəmiyyətin maddi durumunun getdikcə yaxşılaşmasıdır. Bu da imkan verir ki, valideyn öz funksiyalarından biri olan uşağın təhsili ilə məşğul olmağı pul ödəməklə repetitora həvalə etsin. Bir çoxları isə bunu elə kampaniya xatirinə, necə deyərlər, axına düşərək edirlər. Amma bu, heç də həmişə effektli olmur. Çünki uşaq öyrənmək, axtarmaq kimi mühüm prosesdən uzaqlaşır və bir növ tənbəlləşmə başlayır. İndi o, özü öyrənməyə yox, başqasının hazır material əsasında onu öyrətməsinə daha çox üstünlük verir. Təbiidir ki, müəllimlərin müəyyən hissəsi repetitorluqla məşğul olur.

Araşdırmalarımız göstərir ki, heç də bütün şagirdlər əlavə məşğələyə getmir. Lakin özü öyrənən şagirdlərin nəticələri əlavə məşğələyə gedənlərdən geri də qalmır və bəlkə daha da üstündür. Həm də bu biliklər fundamental olur. Çünki lazımi materialı onun özü axtarır, özü öyrənir və özü də təhlil edir. Bu, bir növ bal arısının işini xatırladır. Sizcə, minlərlə çiçəkdən şirə toplayan arının balı keyfiyyətli olar, yoxsa hazır şirəni bala çevirənin? Əlbəttə, birinci halda daha yaxşı məhsul əldə etmək olur. Ona görə də uşağın özünün öyrənməsinə yardımçı olmaq lazımdır. Qoy valideynlər bu barədə bir qədər düşünsünlər.

Digər tərəfdən, dərsdən sonra şagirdin əlavə məşğul olması, oxuması, öyrənməsi kimə ziyan verir ki, biz bu halları qadağan etmək barədə düşünək? Məncə, bu təhsilin inkişafına xidmət edir. Bəli, biz dərs vaxtı hesabına repetitor yanına getməyin əleyhinəyik. Çünki ən yaxşı məşğələ belə, şagirdin məktəbdə qazandıqlarının hamısını ona verə bilməz. Kollektivçilik, dostluq, yoldaşlıq kimi dəyərlər uşağa ancaq məktəbdə aşılanır. Bunu inkar etmək mümkün deyil. Bizim opponentlərimiz isə həmişə tərbiyə məsələsini unudur. Qloballaşan cəmiyyətdə daha çox bilikdən daha çox bacarığa doğru aparan istiqaməti ya görmürlər, ya da görmək istəmirlər.

- Son günlər məktəblər və müəllimlər arasında keçirilən müsabiqələr də müzakirə obyektidir. Sizcə, bu formalı müsabiqələr müəllimin peşəkarlığının artmasına təsir edə bilirmi?

- Əlbəttə, edir. Təhsilin bütün sahələri elmi şəkildə hazırlanan Dövlət Proqramları əsasında inkişaf etdirilir. Dövlətimizin başçısı cənab İlham Əliyevin sərəncamı ilə keçirilən həmin müsabiqələr məhz müəllimlərin peşəkarlığının, məktəb kollektivlərinin məsuliyyətinin artırılmasını təmin edir. İndi "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsi cəmiyyətdə çox böyük və əhəmiyyətli hadisə kimi qiymətləndirilir. Bu müsabiqələr məktəblər və müəllimlər arasında sağlam rəqabəti, innovativ fəaliyyətə istiqamətlənən yaradıcılıq və təşəbbüskarlıq meyllərini gücləndirir. Nəticədə bu müsabiqələr təhsilin keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərir, qabaqcıl müəllimlərin fəaliyyətinə stimul yaranır. Həmin müsabiqələrdə iştirak edən məktəb və müəllimlərimizin 2012-ci ildəki nəticələri də əvvəlki illərdəki kimi ürəkaçan olub. Təkcə bu il müəllimlərimizdən 51 nəfəri "Ən yaxşı müəllim"lərin, məktəblərdən 20-si isə "Ən yaxşı məktəb"lərin sırasına daxil olub. Mən həmin müsabiqələri keçirən təşkilat komitəsinin üzvüyəm. Təşkilat komitəsində bütün məsələlər kollegial şəkildə həll edilir. Tam əminliklə deyə bilərəm ki, müsabiqələr şəffaf, ədalətli və obyektiv keçirilir.

- Günün aktual suallarından biri də məktəbdə psixoloji xidmətin səviyyəsidir. Siz bu xidməti necə təşkil edirsiniz? Daha doğrusu, tabeliyinizdə olan məktəblərdə psixoloji xidmətin səviyyəsi Sizi qane edirmi?

- Məktəbdə psixoloji xidmət işinin səviyyəsi inkişafda olan prosesdir. Çünki əvvəllər bu istiqamətli mütəxəssislər barmaqla sayılacaq qədər az idi. İndi isə bizim məktəblərin hamısında praktik - psixoloqlar işləyir. Mütəxəssis bolluğu bu sahədə seçim imkanları da yaradır. İndi biz psixoloqların daha yaxşılarını seçib məktəblərə işə götürmək imkanı qazanmışıq. Halbuki 10 - 15 il bundan əvvəl qısamüddətli kursları qurtaranlarla işləmək məcburiyyətində idik. Digər tərəfdən, son dövrlərə qədər məktəblərdəki psixoloji xidmət kabinetlərinin fəaliyyəti də normal səviyyədə deyildi. Bunun səbəbi isə ilk növbədə yer çatışmazlığı idi. İndi isə məktəblərdə əlavə korpusların tikilməsi bu problemin həllində müstəsna rol oynayıb. Hazırda məktəblərimizin əksəriyyətində belə kabinetlər yaradılıb və səmərəli şəkildə fəaliyyət göstərir.

Lakin elə obyektiv və subyektiv amillər var ki, bu sahədə inkişafa maneçilik törədir. Bildiyiniz kimi, hər məktəbdə bir psixoloq ştatı var. Əmək haqqı da eynidir. Lakin 2500 şagirdi olan məktəblə 150 şagirdi olan məktəbdə belə "bərabərlik" ədalətsizlikdir. İlk növbədə bu uyğunsuzluq aradan qaldırılmalıdır. Əmək haqqının azlığı isə digər problem də doğurur. Gənc mütəxəssis kimi məktəbdə işə başlayan psixoloqlar bu sahədə yetkin mütəxəssis olduqdan sonra dərhal daha çox əmək haqqı verilən sahələrə üz tutur və nəticədə məktəb yenidən mütəxəssis axtarışına çıxır. Bu hal təkcə psixoloqlarla bağlı deyil. Eyni vəziyyəti informatika müəllimlərinə də şamil etmək olar. Kifayət qədər təcrübə toplayan, məktəb mühitində yaxşı mütəxəssisə çevrilən informatika müəllimləri dərhal müxtəlif şirkətlərə üz tutur, yaxşı əmək haqqı müqabilində onlarla işləməyə üstünlük verirlər.

Bununla yanaşı, məktəbdə indi sosioloqlara da tələbat yaranır. Cəmiyyətin inkişafı, sosial mühitdəki dəyişikliklər bunu zəruri edir. Məncə, bu barədə də ciddi düşünməyin vaxtı çatıb.

- Bu yaxınlarda Milli Məclisin tribunasından belə bir fikir səsləndi ki, müəllimlərin sayı çox, müəllim - şagird nisbəti isə aşağıdır. Ona görə də müəllimləri attestasiyadan keçirdikdən sonra əmək haqqının artırılmasına başlamaq olar. Bu məsələyə münasibətiniz necədir?

- Öncə qeyd edim ki, BŞTİ-nin tabeliyində olan məktəblərdə şagird-müəllim nisbəti 11,1-dir. İndi bizim məktəblərdə yığma saatlarla işləyən ibtidai sinif müəllimlərinin sayı çox azdır və bu da müəyyən zərurətdən irəli gəlir. Halbuki, BŞTİ yarananda bu şəkildə çalışan müəllimlər 1400 nəfər idi. Kadrların işə qəbuluna ciddi nəzarətin tətbiq edilməsi, süni vakansiyalar yaradılmasının qarşısının qəti şəkildə alınması həmin rəqəmin 70 nəfərə qədər azaldılmasına səbəb oldu.

Attestasiya məsələsinə gəlincə, bu, çox ciddi bir məsələdir. Bu məsələnin vacibliyini vurğulamaq asan olsa da, onun mexanizmlərini və nəzəri əsaslarını hazırlamaq, cəmiyyətin qəbul edəcəyi səviyyədə attestasiya keçirmək bir günün, beş günün işi deyil. Ona görə də ilk növbədə cəmiyyətin bu məsələyə hazır olub-olmamasını öyrənmək, geniş maarifləndirmə işi aparmaq lazımdır.

Digər tərəfdən, bütün hallarda subyektivizmə yol verilməməsi üçün beynəlxalq təcrübədən istifadə etmək olar. Məsələn, qardaş Türkiyədə müəllimlərin yüksək dərəcə almaq üçün imtahanlardan keçməsi modeli özünü doğruldan təcrübədir. Müəyyən müddətdən sonra müəllim öz dərəcəsini artırmaq üçün imtahan verir. Həmin imtahanın nəticəsi müsbət olduqda müəllimin dərəcəsi və əmək haqqı artırılır.

- İndi dünyanın əksər ölkələrində təhsil müəssisələri barədə söz açan ekspertlər şagirdlərin dərsdən yayınaraq internet klublarına və ya başqa əyləncə məkanlarına üz tutduğunu təəssüf doğuran bir fakt kimi qeyd edir, həyəcan siqnalı çalırlar. Bu tendensiyaya qarşı necə mübarizə aparırsınız?

- Uşaqların məktəbə bağlılığını təmin etmək üçün çoxsaylı pedaqoji tədbirlər mövcuddur. Mən idarə müdiri kimi yox, bir müəllim kimi hədsiz dərəcədə məmnunam ki, dövlət və möhtərəm dövlət başçımız həmin tədbirlərin reallaşdırılması məsələsində məktəbi və ümumilikdə təhsil sektorunu dərindən dəstəkləyir. Məsələn, uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, gələcəkdə müəyyən ixtisaslar seçmələrinə zəmin yaradılması, habelə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcı potensialının inkişafı üzrə Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin icrası şagirdin məktəbə bağlılığını təmin edir. İstedadlı şagirdlərin aşkara çıxarılmasında əhəmiyyətli rol oynayan fənn olimpiadalarının təşkili, keçirilməsi, yekunlaşdırılması və qaliblərin müəyyənləşdirilməsi də həmin istiqamətdə atılan uğurlu addımlar kimi qiymətləndirilir. Məsələn, ötən il V - XI sinif şagirdlərinin iştirak etdiyi "Bilik yarışı"nda 90 minə yaxın məktəbli iştirak edib. Şəhər mərhələsinin II turunda qalib gələn 229 nəfər şagird respublika turuna vəsiqə qazanıb. Respublika turunda uğurla iştirak edən şagirdlərimizdən 105 nəfəri qalib yerləri tutub. Qeyd edək ki, bu rəqəm 2006 - cı ildə 48 olmuşdur. Siz bilirsinizmi, həmin nəticələr elan olunanda digər şagirdlər qaliblərə necə rəğbətlə, bir çox hallarda hətta, həsədlə baxırlar. Olimpiadanın və digər kütləvi tədbirlərin nəticələri bir daha göstərir ki, bu bilik yarışları şagirdlərin tədris prosesinə olan marağını qat-qat artırır.

- Sizin əsas fəaliyyətiniz bilavasitə dərsliklərlə, kitab-dəftərlə bağlıdır. Bir çox mütəxəssislər kütləvi informasiya vasitələrində belə bir fikir səsləndirirlər ki, guya əksər dərsliklər aşağı səviyyədədir, günün tələblərinə cavab vermir, dünya standartlarından geridə qalır və ilaxır…

- Bizim milli dərslik sisteminin yaşı azdır. Təcrübə toplanır, müzakirələr aparılır, nöqsanlar müəyyən edilərək aradan qaldırılır. Hər dəfə də toplanan təcrübə daha keyfiyyətli dərsliklərin yazılması üçün imkan yaradır. Görülən işlər bütünlüklə bu məqsədə xidmət edir. Əksəriyyət isə müasir tələbləri bilmədən, dərslik siyasətinin mahiyyətinə varmadan tənqid xatirinə tənqid etməyə üstünlük verir.

Təhsil İdarəsi olaraq bizim üzərimizə düşən vəzifə şagirdlərimizi və məktəb kitabxanalarını lazım olan qədər dərslik və dərs vəsaiti ilə təmin etməkdir. Həmin vəzifəni yerinə yetirmək məqsədilə 221 adda təxminən yarım milyon dərslik, 32 adda isə 28 mindən çox dərs vəsaiti Təhsil Nazirliyindən alınaraq, idarəmizin tabeliyindəki məktəblərə paylanıb. Əlbəttə, nöqsanlar da var. Heç kim bunu inkar etmir. Bu bir həqiqətdir ki, dərsliklər daim yenilənir və təkmilləşdirilir.

- Məktəblərinizdə İnformasiya-Kommunikasiya Texnologiyalarından istifadənin zamanın tələbləri səviyyəsində olduğunu söyləmək olarmı?

- Bu, təkcə bizim idarənin və ya nazirliyimizin deyil, bütövlükdə dövlətimizin daimi diqqət mərkəzində olan əsas məsələlərdən biridir. Eyni zamanda biz də həmin prosesə öz töhfələrimizi veririk. "2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilən müsabiqəni çox yüksək qiymətləndiririk. "Elektron tədris resursları" və "Təhsildə İnternet texnologiyaları" istiqamətləri üzrə Bakı şəhəri məktəblərinin müəllimləri uğurla iştirak edərək qalib yerlər tutublar. Bu onu göstərir ki, son illər müəllimlərimizin İKT-dən istifadəyə marağı və o sahədəki peşəkarlığı artıb. Əminəm ki, bu nailiyyətlər yaxın vaxtlarda öz bəhrəsini verəcək.

Qeyd edim ki, 2011-ci ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə "Təhsildə İKT-nin tətbiqi, bilik, təcrübə, texnologiya" adlı baxış-sərgi keçirilmişdi. Həmin sərgidə müəllim və şagirdlərimizin İKT sahəsində əldə etdikləri uğurları nümayiş etdirdik.

Başqa bir fakt. Bir neçə ildir ki, məktəblərimizdə "Elektron məktəb" layihəsi həyata keçirilir. Bir sıra məktəblərimiz layihədə uğurla iştirak edirlər. Artıq 8 məktəbdə tam elektron təhsilə keçilib. Digər məktəblərin elektron jurnallara keçidi istiqamətində hazırlıqlar başa çatmaq üzrədir. Müəllimlərimizin İKT üzrə savadlılığının yüksəlməsi tezliklə şəhərin bütün məktəblərində elektron məktəbə keçidin başa çatmasına imkan yaradacaq.

- Müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması da müasir tələblərdən biridir. Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu istiqamətdə öz fəaliyyətini necə qurur?

- Biz altı ildir ki həmin tədbirlərin reallaşdırılması ilə məşğuluq. Hətta, elə müəllimimiz olub ki, üç - dörd dəfə müxtəlif treninqlərdə, kurslarda olub. Əgər bütün bunlar səmərəsiz başa çatırsa, onda həmin adamla necə yenidən müqavilə bağlaya bilərik? Bundan başqa, təcrübəli müəllimlər daim gənc müəllimlərin bir növ hamisi kimi çıxış edirlər. İstənilən müəllimimiz bir müddət öz cavan həmkarının da müəllimi olur. Bu günlərdə sizin portalda Bakıdakı məktəblərdən birinin açıq dərsinin elektron variantı yerləşdirilib. Əlbəttə, bu, çox yaxşı haldır. Təcrübə mübadiləsi, gənc müəllimlərə kömək məqsədilə açıq dərslər təşkil edilir, ehtiyacı olanlara fərdi metodik köməklik göstərilir. Təkcə bu il ərzində qabaqcıl təcrübənin öyrənilməsi və fənn kurikulumlarının tətbiqi sahəsində təcrübə mübadiləsinin aparılması məqsədilə şəhər üzrə 297 müəllimin açıq dərsi dinlənilib. Bundan başqa, gənc müəllimlərdə yaradıcılıq hissini gücləndirmək məqsədilə də bir sıra tədbirlər həyata keçirilir. Öz təcrübələrini nümayiş etdirmələrinə şərait yaratmaq üçün 92 gənc müəllimin müxtəlif layihələr üzrə keçirilən konfrans, seminar, "Dəyirmi masa"larda məruzə və çıxışı təşkil edilib. İl ərzində 4000 nəfərdən çox müəllim ixtisasartırma kurslarından keçərək müvafiq sertifikatlar alıb. Bu sadaladıqlarım müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsində, qabaqcıl təcrübənin öyrənilməsi və yayılmasında çox böyük əhəmiyyətə malikdir.

- Televiziyada və internet saytlarında görürük ki, dünyanın müxtəlif yerlərində təhsil müəssisələrinə hücumlar, basqınlar olur. Bu baxımdan tabeliyinizdə olan məktəblərin təhlükəsizliyi necə qorunur?

- Əvvəla, bizim ölkədə siyasi sabitlik var. İkincisi, cəmiyyətdə məktəbə münasibət elə səviyyədə deyil ki, ora hücumlar olsun. Azərbaycan xalqı məktəbə həmişə bir məbəd kimi yanaşıb. Həm də dövlətin kifayət qədər ciddi nəzarətinin olması məktəblərin sərbəst və təhlükəsiz fəaliyyətinə şərait yaradır.

Sizin arzuladığınız səviyyədə xidməti təşkil etmək üçün nəinki bizim idarənin, heç Təhsil Nazirliyinin də maddi imkanı yoxdur. Son dörd - beş ildə fəaliyyətini gücləndirdiyimiz Valideyn – Müəllim Assosiasiyalarının köməyi ilə bu xidmət qismən də olsa təşkil olunur.

- Valideyn - Müəllim Assosiasiyasından söz düşmüşkən, bu təşkilat necə işləyir, cəmiyyətin və valideynlərin məktəbə dəstəyi hiss olunurmu?

- VMA-nın fəaliyyət göstərdiyi məktəblərdə cəmiyyətin məktəbə qayğısı və diqqəti daha çox hiss olunur. Çünki bu təşkilat, adından göründüyü kimi, birgə əməkdaşlıq təşkilatıdır və onu yönəldənlər də elə valideyn və müəllimlərdir. Ona görə də hər hansı problem yarananda bu təşkilatda ətraflı müzakirə olunur və onun aradan qaldırılmasında məktəblə yanaşı valideynlərin, cəmiyyətin müxtəlif təbəqələrinin rolu hiss ediləcək səviyyədə olur. VMA-nın üstün cəhətlərindən biri də onun fəaliyyətinin şəffaflığıdır. Bu təşkilat vasitəsilə cəmiyyətin məktəbin idarə edilməsində kifayət qədər rolu meydana çıxır. Ümumiyyətlə götürdükdə isə cəmiyyətin məktəbə dəstəyi hələ də qaneedici deyil. Məktəbi təkcə tənqid etməklə iş bitmir. Onun problemləri və qayğıları ilə maraqlanmaq, təhsilə hərtərəfli dəstək nümayiş etdirmək həmişə aktuallığını saxlayır.

- Sağollaşmazdan əvvəl idarənizin fəaliyyətinə aidiyyatı olmayan bir sual vermək istəyirəm. Müsahibələrinizin birində demisiniz ki, mən siyasi partiyada təmsil olunmağımla fəxr edirəm. Bu qətiyyətinizi nə ilə əsaslandırırsınız?

- Mən sizə həm Qərb mədəniyyətindən, həm də öz mədəniyyətimizdən onlarla, bəlkə daha da çox nümunələr göstərə bilərəm ki, xalqı daha aydın sabahlara, daha xoş günlərə aparmaq istəyən qüvvələrin önündə bilavasitə müəllimlər gedir. Bu qəbildən olan faktlar çoxdur. Mən də müəlliməm və görürəm ki, Azərbaycan xalqını daha möhtəşəm uğurlara qovuşdura biləcək yeganə qüvvə Yeni Azərbaycan Partiyası və onun sədri cənab İlham Əliyevdir. Ona görə də həmin qüvvənin sıralarında olmaq mənim təkcə vətəndaşlıq borcum deyil, həm də müəllimlik borcumdur. (Lent.az)

AzNews.az