Tarzən: “Dünən mənim ən xoşbəxt günlərimdən biri idi”

6 Dekabr 2012 09:53 (UTC+04:00)
"Azərbaycan tarının YUNESKO siyahısına salınmasında Heydər Əliyev Fondunun əməyi danılmazdır. Bu işdə fond çox böyük iş görür.

Millət vəkili, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva Azərbaycan musiqisinin dünyaya çıxmasında mühüm rol oynayır".
Bunu AzNews.az-a açıqlamasında xalq artisti, tanınmış tarzən Ramiz Quliyev bildirdi.

R.Quliyevin fikrincə, bu, əslində tar sənətində əməyi olan insanların zəhmətini qiymətləndirilməsidir: "Dünən mənim həyatımın ən xoşbəxt günlərindən biri idi. Bu gün Azərbaycan tarının ifaları dünya səhnələrindən eşidilir. Muğamlarımızla, musiqilərimzlə bütün dünyaya səs salan Azərbaycan tarının xalq səsi eşidildi. Bəzi ölkələr, qonşular var ki, onlar Azərbaycan tarından istifadə edib bəhrələnirlər. Sonra da bizim tarı öz adlarına çıxırlar.

YUNESKO-nun bu işi təqdirəlayiqdir. Bu işin içində olan adam kimi bilirəm ki, necə çətin bir proses getdi. Azərbaycan tarını özününkü etmək istəyən xalqlar var. Onlardan biri də ermənilər, mənfur qonşularımızdır. İndi onlar arxayın olsunlar ki, Azərbaycana məxsus sənət bəşəriyyətin qeyri-maddi irs siyahısında təsdiqlənib. Biz haqla, haqq da bizlə oldu".

Bahar Rüstəmli
AzNews.az