Riçard Morninqstar da insan alveri təhlükəsindən danışdı

6 Dekabr 2012 10:40 (UTC+04:00)


Beynəlxalq Əmək Təşkilatının 2012-ci il üçün məlumatına görə, dünyada 21 milyon insan məcburi əməyin və seksual istismarın qurbanıdır. Onlardan 2 milyona yaxını Qərbi və Şərqi Avropa və MDB ölkələrinin payına düşür.

Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda keçirilən İnsan alverinə və məcburi əməyə qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsinə dair Beynəlxalq Konfransda çıxışı zamanı ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bildirib.

Səfir qeyd edib ki, BMT-nin məlumatına görə, dünyada insan alverinin qurbanlarının əksəriyyəti məcburi əməyə cəlb olunublar. Onun sözlərinə görə, 14,2 milyon məcburi əməyin qurbanı var ki, bu da məcburi seksual istismardan 3 dəfə çoxdur. Əsasən bu məcburi əməyə ev qulluqçuları daha çox məruz qalırlar. Dünyada 1 milyona yaxın insan ev qulluqçusu kimi işləyir.

Morninqstar insan alverini müasir köləliyin bir forması adlandırıb.

Tədbirdə bildirilib ki, il ərzində dünyada insan alverindən 32 milyon dollar gəlir əldə olunur ki, bu da beynəlxalq terrorçuluğun maliyyələşməsinə yönəlir.

AzNews.az