Zəlzələ iki kəndi tamamilə dağıtdı - FOTO

6 Dekabr 2012 11:55 (UTC+04:00)
Dekabrın 5-i saat 20:38 radələrində İranın Cənubi Xorasan əyalətində baş verən zəlzələdə həlak olanların sayı 8 nəfərə, yaralıların sayı isə 20 nəfərə çatıb. Bir neçə nəfərin hələ də dağıntılar altında qaldığı deyilir.

Zəlzələ Rixter cədvəli ilə 5,5 bal gücündə olub. "Media forum" saytının məlumatına görə, zəlzələnin episentri əyalətin mərkəzi Bircənd şəhərinin 110 kilometrliyindəki Zəhan şəhərinə və ətraf kəndlərə düşüb. Onlarla kənddə dağıntılar əmələ gəlib, iki kənd tamamilə dağılıb, yüzlərlə evin divarı çatlayıb.

Zəlzələdən az sonra 16 dəfə yeraltı təkan qeydə alınıb. Silkələnmələrdən vahiməyə düşən əhali çox soyuq olmasına baxmayaraq gecəni açıq havada keçirməli olub. Zəlzələ nəticəsində bölgənin suyu, qazı və internet şəbəkəsi kəsilib, elektrik xətləri sıradan çıxıb. Zəlzələ bölgəsinə xilasetmə qüvvələri cəlb edilib.

AzNews.az