Londonda məscid tikintisinə qadaga qoyuldu

6 Dekabr 2012 21:27 (UTC+04:00)
İngiltərədə bir neçə ildən bəri müzakirəsi aparılan məscidin tikintisinə qadağa qoyulub. Londonun Hyuhem rayonunun yerli idarəetmə orqanı bu barədə dünən qərar çıxarıb. "The Independent"in məlumatına görə, qadağaya səbəb məscid binasının həddindən artıq böyük olması ilə bağlı olub. Bu tikilinin nəqliyyatın hərəkətinə mane olacağını deyən şəhər rəhbərliyi arxitektura cəhətdən də layihəni bəyənməyib.

Qeyd edək ki, 2007-ci ildə "Camaat Təblığ" hərəkatı məscidin tikintisi təklifi ilə çıxış edib. Məsciddə eyni zamanda 10 min nəfərin ibadətinə şərait yaradılması nəzərdə tutulurdu. Eyni zamanda yaxınlıqda 2 min nəfərlik yeməkxana, kitabxana və pavilyonun da inşası planlaşdırılırdı.
Mətbuatın məlumatına görə, sözügedən rayonda əhalinin dörddə bir hissəsi islam dininə etiqad edir. Məscidin tikintisinin lehinə 25 min, əlehinə isə 3 min nəfər çıxış edirdi.

Elnarə Əlosmanqızı
AzNews.az