Bakıda qəribə HADİSƏ - FOTOLAR

7 Dekabr 2012 10:50 (UTC+04:00)


Xətai rayonu Əhmədli qəsəbəsi Cavanşir küçəsi 1 saylı yataqxananın 84 saylı mənzilində yaşayan Cabbarovlar ailəsi qəribə problemlə üzləşib. Belə ki, həmin mənzildə yaşayan ər-arvad Rüstəmova Maygül və Cabbarov Xudaverdinin birotaqlı mənzilinə yad bir nəfər köçürülüb.

M.Rüstəmovanın sözlərinə görə, 1995-ci ildən H.Z.Tağıyev adına Toxuculuq Tikiş Birliyində işləyib. 1997-ci ildə ona və kombinatın digər işçisi Elmira Bəkirovaya yaşamaq üçün həmin yataqxanada otaq verilib.

E.Bəkirova yataqxanada 2000-ci ilə qədər yaşadıqdan sonra başqa ünvana köçüb. 2002-ci ildə isə M.Rüstəmova X.Cabbarovla ailə həyatı quraraq həmin otaqda yaşayıb: "2009-cu ildə Bəkirova Elmira mənzildə payı olduğunu bildirərək 3 min manat verməsək bizi məhkəməyə verəcəyini dedi. Biz pulumuz olmadığını söyləyərək ona bu məbləği verməkdən imtina etdik. 2005-ci ildən kombinatda işləməyən E.Bəkirova artq 9 il idi ki, başqa mənzildə yaşayırdı".

Bu hadisədən sonra E.Bəkirova Xətai rayon məhkəməsinə müraciət edərək iddia qaldırıb. Məhkəmə onun iddiasını təmin edib və beləliklə, E.Bəkirova həmin mənzilə köçürülüb. Şikayətçi bununla Mənzil Məcəlləsinin 87-ci maddəsinin tələblərinin pozulduğunu deyir: "Ailə ilə bir otaqda tamamilə yad adamın yaşaması nə dərəcədə doğrudur? Mənzil Məcəlləsinə görə, ər-arvad istisna olmaqla müxtəlif cinslərdən olan şəxslərin bir otağa köçürülməsi qadağandır.

Ancaq E.Bəkirova bununla kifayətlənməyərək öz oğlunu da otağa köçürmək üçün Xudaverdi Cabbarovun mənzildən çıxarılması barədə iddia qaldırıb. Noyabrın 21-də Xətai rayon məhkəməsi iddianı təmin edərək Xudaverdinin otaqdan çıxarılması barədə qərar verib".

M.Rüstəmova 2008-ci ildən rəsmi nikahda olduğu X.Cabbarovun otaqdan çıxarılması barədə qətnamədən şikayət verəcəklərini deyib.

Şikayətçi onu da qeyd edib ki, 2010-cu ildən 2-ci qrup əlil kimi Milli Onkologiya Mərkəzində qeydiyyatdadır və üzləşdikləri vəziyyət onun səhhətinə mənfi təsir göstərir.

Elnarə Əlosmanqızı
AzNews.az