Yeni ildə atraksionlar pulsuz olacaq

7 Dekabr 2012 10:54 (UTC+04:00)
Dekabrın 24-də Dənizkənarı Bulvar ərazisindəki atraksionlardan uşaqlar pulsuz istifadə edəcəklər. Bunu Trend-ə Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib. Onun sözlərinə görə, atraksionlardan pulsuz istifadə saat 9:00-dan 13:00-dək olacaq.

Məcidov deyib ki, atraksionların ödənişsiz istifadəsini şənbə-bazar və ya bayram günlərində etmək mümkün deyil. "Həmin günlərdə bulvara gələn insanların sayı çox olur. Bulvarın isə cəmi 50-60 işçisi var. Buna görə də bu qədər işçinin çox sayda insanlara qulluq etmək imkanı olmur", - rəis müavini qeyd edib. O deyib ki, əvvəllər atraksionlardan istifadə ödənişsiz olan günlərdə oraya gələn valideynlər arasında müəyyən narazılıqlar olsa da, artıq belə hallar müşahidə edilmir.

Məcidov bildirib ki, dekabrın 15-dən Yeni il yolkalarının quraşdırılmasına başlanılması nəzərdə tutulur. Bulvarda ən azı 10 yolka quraşdırılacaq. Hər yolkanın yanında bir Şaxta baba və Qar qız dayanacaq. Yolkalar ötən il Bakıda quraşdırılanlardır. Ən böyük yolka Kukla Teatrının arxasındakı meydançada olacaq. Orada eyni zamanda böyük monitor quraşdırılacaq. Həmin monitorda uşaqlar üçün müxtəlif əyləncəli proqramlar göstəriləcək.

AzNews.az