ANAMA 3,7 milyon kv.metr ərazi təmizləyib

7 Dekabr 2012 12:58 (UTC+04:00)
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən bu ilin oktyabr ayı ərzində 3,713,025 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Bu barədə AzNews.az-a ANAMA-dan məlumat verilib.

Məlumata görə, 793 PHS və 7 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir. İndiyədək cəmi 210,907,955 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 675,552 -dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Füzuli, Gədəbəy, Göygöl, Goranboy, Tərtər və Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir. Qeyd edək ki, 2012-ci ilin noyabr ayı ərzində 4 mina və PHS tapılıb.

Vasif Həsənli
AzNews.az