Sabir Rüstəmxanlı İranın cavabını verdi

7 Dekabr 2012 15:05 (UTC+04:00)
"İran bu məsələdə problem axtarır. Bu onların burada problem yaratmaq istəyindən irəli gəlir. Ermənistan kimi bir ölkəyə dəstək verən İrandan bundan artıq nə gözləmək olar? DAK qeyri-hökumət təşkilatıdır. Belə bir təşkilatı suçlamaq cəfəngiyatdır".

Bunu AzNews.az-a Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı dedi. Onun sözlərinə görə, DAK həmişə İrandakı insan haqlarını müzakirə edib: "Orada 35 milyondan çox Azərbaycan türkü yaşayır. Onların problemləri böyükdür, təhsil almaq hüququ yoxdur, muxtariyyat da verilməyib. Yeri gəlmişkən bu toplantıda İrandakı mövcud durumun onda biri belə müzakirə olunmayıb.

İran bundan çox pis təşviş keçirir və bizi separatizmdə suçlayır. Halbuki, cəfəng açıqlama və Azərbaycanın işinə qarışmaqdır. İran insan haqlarının əleyhinə yönəlmiş bir bəyanat verib. Bəyanatın məsuliyyətini də yəqin səfirlik daşıyacaq.

Qeyd edək ki, İran İslam Respublikasının Azərbaycandakı səfirliyi Dünya Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə dekabrın 5-i Bakıda keçirilmiş "Azərbaycanın quzeyi və güneyi arasında əlaqələr: mövcud durum, perspektivlər və vəzifələrimiz" konfransını pisləyən bəyanatla çıxış edib. Səfirliyin yaydığı bəyanatda DAK, eyni zamanda onun həmsədri, millət vəkili Sabir Rüstəmxanlı və DAK Daimi Şurasının sədri Əjdər Tağızadə separatçı, təxribatçı adlandırılıb.

Bahar Rüstəmli
AzNews.az