Kiril əlifbası ilə “danışan” dahilərimiz – REPORTAJ – FOTO

8 Dekabr 2012 08:05 (UTC+04:00)
Azərbaycanda latın qrafikalı əlifbaya keçidin illər əvvəl təmin edilməsinə baxmayaraq, hələ də keçmişin xatirəsini əlifbada yaşatmağa çalışanlar var. Elə Bakının mərkəzindəki bircə küçəyə - İstiqlaliyyət küçəsində qısa bir müşahidə kifayətdir ki, belə "xatirələrin" şahidi olasan.

Söhbət tanınmış ictimai-siyasi, mədəniyyət xadimlərinin yaşadıqları evin üzərinə vurulan xatirə lövhələrindən gedir. O lövhələrdən ki, bəziləri ölkənin 1992-ci ildən rəsmi əlifbası olan latın qrafikalı Azərbaycan əlifbası ilə yazılıb, bəzilərini dəyişdirmək isə "unudulub". Bu azmış kimi aralarında hətta rus dilində yazılanlar da var.

Üzeyir bəyə hörmətsizlik...

Azərbaycan prospekti – 1 saylı binada çox sayda tanınmış şəxs yaşayıb. Hərçənd ki, onların bəzilərinin xatirə lövhəsində həmin binada hansı illərdə yaşaması göstərilməyib. Bu isə xatirə lövhələrinin hazırlanması zamanı eyni standartların tətbiq olunmadığını göstərir. Beləliklə, vurulan xatirə lövhələrindən dövlət xadimi Şəmsi Rəhimov, filosof Heydər Hüseynov, generallar Hüseyn Rəsulbəyov və Akim Abbasovun məhz həmin ünvanda yaşadığı məlum olur. Latın qrafikası ilə yazıldığından oxunmasında heç bir problem yoxdur. Ancaq... elə həmin binada bir neçə metr məsafə ilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun da yaşayıb-yaratdığını göstərən xatirə lövhəsi bizimlə ana dilimizdə kiril əlifbasında və rus dilində "danışır".

Üzeyir bəyə qarşı bu hörmətsizliyin nədən qaynaqlandığını düşünməkdən, ancaq cavab tapmamaqdan başqa yol qalmır. Doğrudanmı Azərbaycan musiqisini dünyaya tanıdan, müstəqil dövlətimzin himninin bəstəkarı Üzeyir bəyin xatirə lövhəsini yeniləmək, latın qrafikası ilə yazılan yeni, Üzeyir bəyə və Azərbaycana yaraşan başqa bir lövhə ilə əvəz etmək bu qədər çətindir? Yoxsa Üzeyir bəy də unutqanlığın, diqqətsizliyin və nəhayət hörmətsizliyin qurbanı olub?

Mərziyə Davudova da rus dilində "danışır"

Bu suala cavab tapmamış elə həmin ünvanda, dahi bəstəkarın xatirə lövhəsinin altında daha bir dəhşətli "fakt" var. Həmin xatirə lövhəsini də oxuyururq, ona görə ki, məktəb illərimiz SSRİ dönəminə təsadüf edib və rus dilində sərbəst oxumaq bacarığımız var. Amma indi, rus dilinin xarici dil kimi heç də bütün məktəblərdə tədris olunmadığını nəzərə alsaq, uşaqların həmin lövhəni oxumaq imkanının nəyə bərabər olduğunu biz söyləmədən də siz anlayarsınız. Söhbət SSRİ xalq artisti Mərziyə Davudovanın xatirə lövhəsindən gedir.

O Mərziyə xanımdan ki, Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasında əvvəlcə Gülçöhrə, sonra isə Cahan xala rollarında çıxışı ilə özünün aktrisa kimi nəyə qadir olduğunu təsdiqləmişdi. Səhnədə böyük sənətkarın əsərində oynadığı rolla tanınan M.Davudovanın da "xatirəsi" elə Üzeyir bəy kimi anılır. Həm də ondan bir az daha pis. Ü.Hacıbəyovun xatirə lövhəsi rus dili ilə yanaşı, kiril əlifbası ilə də yazılibsa, M.Davudovaya hətta Azərbaycan dilini də "çox görüblər". Böyük sənətkarın xatirə lövhəsi ümumiyyətlə rus dilindədir. Lövhənin qoyulması rus dilinin ölkədə hakim olduğu zamanlara təsadüf etsə də, müstəqillik dövründə dəyişdirilməsi mümkün və vacib idi. Bu ölkənin dövlət dili var, xanımlar və cənablar! Amma görünür bu ehtiyac hələ ya hiss edilməyib, ya da M.Davudova da diqqətsizliyin, unutqanlığın qurbanı olub.

Xatırladaq ki, M.Davudova aktyor və rejissor Abbas Mirzə Şərifzadənin həyat yoldaşı, aktrisa Firəngiz Şərifovanın anası olub. Ölkəmizə "Avroviziya" müsabiqəsində birincilik qazandıran Eldar Qasımov da bu ailənin bir təmsilçisidir - Mərziyə Davudovanın nəticəsi. Amma ən əsası Mərziyə Davudova Azərbaycan səhnəsinin sönməyən ulduzlarından olub. O ulduzlardan ki, yaradıcılığı ilə neçə-neçə nəsillərə səhnəni, teatrı sevdirib. Ona isə dilimizi, əlifbamızı və nəhayət, bir barelyefi belə çox görürlər.

Abdulla Şaiqi necə oxuyaq?

Eyni vəziyyət Azərbaycan prospekti – 19 ünvanında da təkrarlanır. Bu binada tanınmış bəstəkar Tofiq Quliyev, Süleyman Ələsgərov, şair Əhməd Cəmilin xatirə lövhələri latın əlifbasındadır. Elə həmin ünvanda Azərbaycanın xalq artisti, professor Əşrəf Abbasovun xatirə lövhəsi isə hələ də kiril əlifbasında "oxunur". Elə Azərbaycan uşaq ədəbiyyatının tanınmış siması, pedaqoq Abdulla Şaiqə olan münasibət də fərqli deyil. Yazıçılar Poliklinikasının düz qapısı üstündə vurulan böyük barelyefdə yenə köhnə əlifbada yazılanları çətinliklə də olsa oxuyuruq. Amma yanımızdan keçən 7-ci sinif şagirdindən barelyefin kimə məxsus olduğunu soruşduqda çətinliklə cavab verir. Deyir ki, uşaq şairimizi kitablardakı şəkillərindən tanıyır, onun barəsində yazılanları isə oxuya bilmir.

Düşünmək üçün kifayət qədər əsas verən bu gördüklərimizin səbəbini kimdənsə soruşmağa cəhd etmədik. Yəni bizim gördüyümüzü əslində görmək məcburiyyətində olan qurumlar – Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti bütün bunlardan xəbərsizdir?

Elnarə Əlosmanqızı
AzNews.az