Kərbəlaya qanunsuz ziyarətlərin təşkilinə - Münasibət

24 Noyabr 2016 18:00 (UTC+04:00)

APA-nın məlumatına görə, bunu Kərbəlaya ziyarətə gedən 500-ə qədər azərbaycanlının İraq-İran sərhədində problemlə üzləşməsinə münasibət bildirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M. Qurbanlı bildirib ki, dini yerlərə ziyarətlərlə əlaqədar qaydalar var: "Həmin dini yerlərə ziyarətlərə təşkil edən şirkətlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığını aldıqdan sonra bu fəaliyyəti həyata keçirməlidir. Burada yalnız Həcc ziyarəti istisnadır, Həcc ziyarəti Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Səudiyyə Ərəbistanı ilə imzalanmış protokol əsasında həyata keçirilir. Digər dini yerlərə ziyarət təşkil edən şirkətlər müvafiq icazələr almalıdır. Çox təəssüf ki, son səfəri təşkil edənlər bunu qeyri-qanuni şəkildə həyata keçiriblər".

Dövlət Komitəsinin sədri qeyd edib ki, İrana, İraqa getmək istəyən vətəndaşlar sərhəd-keçid məntəqəsində problemlə üzləşmirlər: "Viza məsələsində hər hansı problemlə qarşılaşmırlar. Səudiyyə Ərəbistanında konkret viza sistemi var. Amma İrana viza sistemi olmadan bu cür ziyarətlər təşkil edirlər. Biz bu məsələləri araşdırırıq. Bəzi qurumlara bununla bağlı təkliflərimizi də vermişik. Hesab edirik ki, kollektiv şəkildə hansısa qrupları dini ziyarətə aparan şirkətlərə sərhəd-keçid məntəqələrində diqqət yetirilməlidir. Bu şirkətlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən icazə almalıdır. Bu ziyarətləri kimlərin təşkil etməsi, kimlərin ziyarətə getməsi aydınlaşdırılmalıdır. Çünki yüzlərlə insan ziyarət adı altında xarici ölkələrə aparılır, müəyyən qruplar tərəfindən təsir altına alınır. Bəziləri hətta xarici ölkələrə gedərkən Azərbaycanın maraqları əleyhinə hərəkətlərə yol verir".

M. Qurbanlı nəzərə çatdırıb ki, dövlət Kərbəlaya ziyarətə hər hansı qadağa qoymaq niyyətində deyil: "Ziyarətlər üçün tam azad, sərbəst şərait yaradılıb. Ancaq ziyarətlərin təşkilində bir nizam-intizam olmalıdır".

AzNews.az