“Dolu” Moskvada təqdim olundu

8 Dekabr 2012 08:50 (UTC+04:00)
"Azərbaycanfilm" kinostudiyasının istehsalı olan "Dolu" filminin təqdimatı keçirilib. Qeyd edək ki, filmin nümayişi Moskvada L.Ryumina Folklor Mərkəzinin konsert zalında baş tutub.

Yazıçı Aqil Abbasın eyni adlı romanı əsasında çəkilən bu film Qarabağ müharibəsindən bəhs edir. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu filmin yaradıcılarına minnətdarlığını bildirib: "Milli Məclisin deputatı Aqil Abbasın "Dolu" romanının motivləri əsasında çəkilmiş film Azərbaycan gəncliyinin nümayəndələri üçün böyük məna daşıyır".

A.Abbas təqdimat zamanı çıxışında "Dolu"un Sankt-Peterburq və Yekaterinburqda da nümayiş olunacağını deyib. Filmdə Fuad Poladov, Məmməd Səfa, Şamil Süleymanov, Pərviz Bağırov, Fərhad İsrafilov və digər aktyorlar rol alıb. Filmin ssenari müəllifi Aqil Abbas, rejissoru Elxan Cəfərov, musiqisi isə Polad Bülbüloğludur.

Bahar Rüstəmli
AzNews.az