Daha bir bələdiyyə məmuruna CİNAYƏT İŞİ açıldı

8 Dekabr 2012 12:14 (UTC+04:00)
Azərbaycanda daha bir bələdiyyənin fəaliyyətində qanun pozuntuları aşkar edilib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov AzNews.az-a bildirib ki, Kürdəmir rayonu, Xəlsə bələdiyyəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş materiallar araşdırılıb.

Müəyyən edilib ki, bələdiyyənin vəzifəli şəxsləri tərəfindən 2007-2009-cu illərdə 23,5 ha torpaq sahəsi bələdiyyə iclasının qərarı olmadan qanunsuz olaraq icarəyə verilib.

Bundan başqa bələdiyyə xəzinəsindən 4.766 manat məbləğində pul vəsaiti müvafiq sənədləşmə aparılmadan silinib. Həmçinin qeyd edilən dövr ərzində "Anar" firmasından yanacaq-sürtgü materiallarının alınması barədə saxta sənədlər tərtib edilməklə bələdiyyə büdcəsindən 1.009 manat məbləğində vəsait qanunsuz olaraq məxaric edilib.

Fakta görə Cinayət Məcəlləsinin 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

AzNews.az