YAP rəsmisi İctimai Palataya cavab verdi

10 Dekabr 2012 12:36 (UTC+04:00)


"Müxalifətin planlaşdırdığı növbəti aksiya da baş tutmayacaq". AzNews.az-ın məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov İctimai Palatanın (İP) dekabrın 10-da planlaşdırdığı etiraz aksiyasına münasibət bildirərkən deyib.

Hazırda aksiya keçiriləcək ərazidə olduğunu söyləyən S.Novruzov Milli Məclisin qarşısında heç kəsin aksiya keçirmədiyini bildirib. Onun sözlərinə görə, aksiyanın məqsədi və məzmunu bəlli deyil: "Bu insanların heç bir sosial bazası elektoratı yoxdur. Sadəcə olaraq müxalifət növbəti şou düzəltmək istəyir ki, bu da baş tutmayacaq".

Qeyd edək ki, İctimai Palata bu gün saat 14.00-da Milli Məclisin qarşısında etiraz aksiyası keçirməyə hazırlaşır. Bakı Şəhər İcra Hakimiyyəti İP-nın müraciətinə mənfi cavab verib. İctimai Palata isə parlamentin qarşısında aksiya keçirməkdə israrlı olduqlarını bəyan edib.

Vasif Həsənli
AzNews.az