YAP üzvlük haqlarının toplanmasını dayandırmayacaq

10 Dekabr 2012 19:33 (UTC+04:00)
"Ölkəmizdə siyasi partiyalara dövlət maliyyəsinin ayrılması çox təqdirəlayiq haldır. Ümumiyətlə, partiyaların dövlət büdcəsindən maliyyə alması təcrübəsi başqa ölkələrdə də var. Azərbaycanın da sosial-iqtisadi imkanlarının artması siyasi partiyalara dövlət büdcəsindən yardım ayrılmasına imkan verib".

AzNews.az-ın məlumatına görə, bu fikirləri yap.org.az-a YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
O bildirib ki, dövlət büdcəsindən ayrılan 2,5 milyon manat vəsait siyasi partiyaların inkişafına dəstək verəcək, eləcə də bu maliyyə partiyaların cari xərclərinə sərf olunacaq.

Onun sözlərinə görə, müvafiq qanunvericilik siyasi partiyaların maliyyə mənbələrini göstərir. Belə ki, dövlət yardımı ilə yanaşı üzvlük haqları, müxtəlif mənbələrdən alınan ianələr və s. daxildir: "Bu baxımdan büdcədən ayrılan vəsait heç də üzvlük haqlarının toplanmasını dayandırmayacaq. Dövlətin ayırdığı yardım indiki şəraitdə siyasi partiyaların bəzi cari xərclərini ödəmək üçün də istifadə olunacaq. Və bu maliyyə partiyaların fəaliyyətinə, təşkilatlanmasına və inkişafına kömək göstərəcək. YAP ölkəmizin ən aparıcı partiyası kimi özünün maliyyə xərclərini ödəməyə qadirdir. Partiyamız dövlət vəsaitini isə qanunvericiliyə uyğun şəkildə istifadə edəcək. Hesab edirəm ki, digər siyasi partiyalar da büdcədən ayrılan vəsaitdən özlərinin inkişafı ilə yanaşı cəmiyyət üçün faydalı olan məsələlərə də sərf etməlidirlər".

İlkin
AzNews.az