Bakıda biznes mərkəzindəki güllələnmənin səbəbi məlum oldu

8 Yanvar 2017 15:55 (UTC+04:00)

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, məlum qətl hadisəsinin təfərrüatları da məlum olub. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, qətldən bir gün əvvəl İraq Hava Yollarının Bakı nümayəndəliyinin sürücüsü, 1989-cu il təvəllüdlü Bəşirov Elşən Rəfayət oğlu ilə həmin şirkətin meneceri Əli Ağalı arasında mübahisə yaranıb. Mübahisə hər iki şəxs şirkətə məxsus avtomobillə aeroporta gedərkən baş verib. Aeroportda Ə.Ağalı sürücüyə vitrinin arxasına keçməklə bağlı irad bildirib və tərəflər arasında münasibət daha da kəskinləşib.

Özündən 4 yaş kiçik iş yoldaşının ona olan münasibətini qəbul edə bilməyən E.Bəşirov mübahisədən bir gün sonra, yəni dünən iş gələrkən evdən özünə məxsus olan və ov tüfəngi kimi rəsmi qeydiyyatdan keçmiş “Vinçester” markalı silahını götürüb. O, ofisdə Ə.Ağalıya yaxınlaşaraq bir neçə dəfə atəş açıb. Başından güllə yaraları alan 24 yaşlı Əli hadisə yerindəcə keçinib.

Hadisədən sonra E.Bəşirov silahını götürərək polis bölməsinə gedib və təslim olub.