Heç şübhəsiz, müraciətə imza atanların bir çoxu heç bu müraciəti tərcümə etdirib oxumayıblar da! Texniki olaraq imza atıblar, belə deyək ki, müəyyən qisim aldadılıb. Amma şüurlu olaraq bu sənədə imza atanların zaman-zaman ermənilərlə separat əməkdaşlığı olması sirr deyil və indiki əməkdaşlıq da həm şəxsi qisas və güman ki, maliyyə maraqlarıdır.
Müraciətdə Azərbaycan nümayəndə heyəti ilə yanaşı, AŞPA-nın Azərbaycanın haqq savaşında – erməni məsələsində bizə dəstək verən təmsilçiləri də hədəfə alınıb. Bu bizə onu düşünməyə tam əsas verir ki, məlum müraciət Ermənistanın necə deyərlər, çörəyinin üstünə yağ çəkməkdir! Müraciətdə həmçinin, zaman-zaman Ermənistanın yanında olan, ermənilərə dəstək verən, Azərbaycanın xeyrinə olan qətnamələrə, layihələrə qarşı radikal münasibət sərgiləyən AŞPA üzvləri isə müdafiə olunur, “yaxşı oğlan” kimi təqdim edilirlər...
Nə qədər acı olsa da, bu müraciətdə azərbaycanlıların imzaları var və gələcəkdə də tariximizdə bir qara ləkə kimi keçəcək. Ermənistan isə elə bir neçə gün sonra bu müraciətdən Azərbaycan dövlətinə qarşı istifadəyə başlayacaq...
Bunlar məsələnin sırf çoxlarına bəlli olmayan və qara tərəfləridir.
İndi isə məsələyə digər kontekstdən yanaşaq. Lap qəbul edək ki, kimsə Azərbaycan hökumətinə bərk qəzəblidir və bu cür müraciətə imza atmaqla iqtidardan qisas almaq istəyir. Amma fakt bundan ibarətdir ki, Avropa təsisatlarında təmsilçilik Azərbaycan iqtidarından daha çox Azərbaycanın vətəndaş cəmiyyətinə, Azərbaycan demokratiyasına lazımdır. Bu aksiomdur.
Məgər hansısa düşüncəli azərbaycanlı bilmirmi ki, Azərbaycanın inkişaf perspektivləri Avropa təsisatları ilə əməkdaşlıqdan keçir? Əlbəttə, ağlı kəsən hər kəs bilir. Bu səbəbdən də belə bir müraciətin ünvanlanması ancaq dövlətçilik maraqlarına zərbədir, şəxsi ambisiya və maraqlardır, bilərəkdən və (ya) bilməyərəkdən Ermənistanın Azərbaycana qarşı oyunlarında iştirakçılıqdır.
Elşad MƏMMƏDLİ
Musavat.com