Azərbaycanın pulları Türkiyədə əmlak bazarına axır

5 Fevral 2017 17:36 (UTC+04:00)

AzNews.az fins.az-a istinadən xəbər verir ki, 2015-ci ildə azərbaycanlılar qardaş ölkədə ümumi ərazisi 127 172 m² olan 864 ədəd əmlak alıb ki, bu da bir ildə mənzil həcminə görə 153 075 m² və ya 12,04% çoxdur. Alınan mənzillərin sayında isə 140 ədəd və ya 16,20% azalma qeydə alınıb.

Rəqəmlərdən də göründüyü kimi, alınan mənzillərin saynın azalmasına baxmayaraq, Azərbaycandan Türkiyə eləcə də xarici ölkələrin daşınmaz əmlak bazarına hələ də böyük pullar axır. Mütəxəssislər bunu müxtəlif amillərlə şərh edirlər.

Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı bildirir ki, bu, Azərbaycan bazarında baş verən hadisələrin nəticəsidir: “Bir neçə il əvvəl kütləvi şəkildə Rusiya bazarına axın var idi. Rusiyada böhran baş verəndə ora axın dayandı. Sonra tədricən tendensiya Azərbaycanın xeyrinə dəyişdi. Rusiyada yaşayan azərbaycanlılar tədricən Azəraycan bazarında əmlaka investisiya qoymağa başladılar. İndi Azərbaycan bazarında da risklər yaşanır. Regionda bizə hərtərəfli yaxın olan ölkə isə Türkiyədir. Amma bu da uzunmüddətli deyil. Yəqin ki, gələnilki statistik vəziyyət Türkiyənin ziyanına dəyişəcək”.

Ramil Osmanlının sözlərinə görə, Türkiyədə əmlaka vəsait yatıran insanlar daha çox yaşayış məqsədi üçün bu addımı atırlar: “Yəni, qərarlar investisiya məqsədləri üçün deyil. İnvestisiya yönümlü olmadığına görə demək olmaz ki, kütləvi axın var. Müəyyən bir dövr keçdikdən sonra bu tendensiya da dəyişəcək. Bu gün hələlik Azərbaycanın Türkiyəyə ehtiyacı var. Azərbaycandan Türkiyəyə oxumağa, istirahətə, müalicəyə, yaşamağa gedirik. Bu faktorlar Türkiyəyə marağı, pul axınını artırıb. Amma müəyyən dövr keçdikdən sonra bu tendensiya dəyişəcək və insanların indiki formada Türkiyəyə axını davam etməyəcək”.

“Value & Sources” şirkətinin rəhbəri Rəşad Əliyev bildirdi ki, əmlakların sayı azalsa da, sahə 2015-ci ilə nisbətən böyükdür: “Yəni, daha çox pul xərclənib. Amma diqqəti çəkən məqam odur ki, göstəricidəki sahələri mənzillərin sayına böləndə 400 kavadrata yaxın sahə alınır. Bu da mənzil üçün böyük rəqəmdir. Belə çıxır ki, alınanların hamısı bahalı mənzillər olub. Yaxud da nəzərə almaq lazımdır ki, rəqəmlərdə dəqiqlik yoxdur. Çünki rəsmi rəqəmlər deyil. Odur ki, statistikanı birməqnalı qarşılamaq olmaz”.

Rəşad Əliyev əlavə etdi ki, düzdür, Türkiyəyə maraq var: “Amma ora maraq göstərənlərin vəsaiti əvvəlki qədər böyük deyil. Yəni, maraq artsa da, onun qarşılığında lazımi kapital yoxdur. Digər tərəfdən, nəzərə alaq ki, son hadisələr fonunda Türkiyə də təhlükəli zona hesab edilir. Ümumiyyətlə, Türkiyəyə 2014 və 2015-ci illərdə meyl daha çox idi. İş adamları isə əvvəllər əsasən Gürcüstana meyl edirdilər. İndi isə maddi durumları zəiflədiyindən o maraq azalıb. Vətəndaşlarımızın istiqamətləndiyi ölkələr sırasında Çexiya və Kipr də olub. Bu da onunla bağlı idi ki, həmin ölkələrdə əmlak aldıqda daimi yaşayış statusu verilirdi. Bu da Şengen vizasının alınmasını asanlaşdırırdı. Biznes adamları üçün ərəb ölkələrinə də maraq olub. Ancaq daha varlı iş adamları Qəbri Avropaya, xüsusi ilə də Böyük Britaniyaya meyl edirlər”.