Direktorlar işdən çıxarıldı - Nöqsanlara yol verilib

7 Fevral 2017 10:56 (UTC+04:00)

ETSN-nin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, aparılan araşdırma zamanı sözügedən müəssisələrdə meşələrin qorunub mühafizə olunması sahəsində bir sıra nöqsanlara yol verildiyi müəyyən olunub. Yol verilən nöqsanlar Meşələrin İnkişafı Departamentində həmin müəssisələrin cavabdeh meşə mühafizə işçilərinin iştirakı ilə müzakirə edilib və müvafiq tədbirlər görülüb.

Belə ki, meşələrin qorunub mühafizə olunmasını qeyri-qənaətbəxş təşkil edərək əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiklərinə, xidməti ərazilərində ekoloji qanunvericiliyin tələblərinin pozulmasına görə Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru, müəssisənin Qəriblər meşəbəyliyinin meşəbəyisi və 5 meşə gözətçisi tutduqları vəzifədən azad edilib. Digər cavabdeh meşə mühafizə işçiləri barəsində intizam tənbehi tədbirləri görülüb. Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Car meşəbəyliyinin meşəbəyisi və meşəbəyi köməkçisi, həmçinin 6 meşə gözətçisi işdən azad olunub. Müəssisənin direktoru və digər cavabdeh meşə mühafizə işçiləri barəsində müxtəlif intizam tənbehi tədbirləri görülüb. Qusar Meşə Mühafizəsi və Bərpası Müəssisəsində də cavabdeh şəxslər barəsində qanunamüvafiq intizam tənbehi tədbirləri görülüb. Müəssisənin direktoru, baş meşəbəyi, meşəbəyi köməkçisi və 4 gözətçi tutduqları vəzifədən azad olunublar. Bu istiqamətdə araşdırmalar digər müəssisələrdə də aparılır.