Bu avtobusun hərəkət istiqaməti dəyişdi

9 Fevral 2017 15:15 (UTC+04:00)

Bakı Nəqliyyat Agentliyindən AzNews.az-a verilən məlumata görə, bu avtobusların son dayanacaq məntəqəsi olaraq Rəsulzadə qəsəbəsi müəyyən edilib.

Belə ki, 8 nömrəli marşrut üzrə avtobuslar metronun “Azadlıq prospekti” stansiyasından keçməklə, Rəsulzadə qəsəbəsinədək hərəkət edəcək. Məqsəd, Rəsulzadə qəsəbəsi sakinlərinin şəhər mərkəzinə rahat gediş-gəlişini təmin etmək, eyni zamanda metronun “Azadlıq prospekti” stansiyası ətrafında mövcud olan nəqliyyat sıxlığını aradan qaldırmaqdır.

Bakı Nəqliyyat Agentliyinin qərarına əsasən, 8 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobuslar 13 fevral tarixindən sınaq üçün yenilənmiş trayektoriya üzrə hərəkət edəcək.

Məlumat üçün bildirək ki, bir sıra marşrut xətləri üzrə avtobuslar son dayanacaq kimi məhz metronun “Azadlıq prospekti” stansiyasının ətrafında dayanır ki, bu da həmin ərazidə, xüsusən də günün pik saatlarında nəqliyyat vasitələrinin hərəkətində sıxlığın yaranmasına səbəb olur. Mövcud vəziyyətin aradan qaldırılması üçün nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq, yaxın vaxtlarda hazırda son dayanacağı metronun “Azadlıq prospekti” stansiyası olan marşrut avtobuslarının da hərəkətində dəyişiklik ediləcək. Nəqliyyat Mübadilə Mərkəzləri konsepsiyasının tələbinə uyğun olaraq, həmin əraziyə gələn sərnişin avtobusları son danayacaq olaraq Dərnəgül Nəqliyyatı Mübadilə Mərkəzinə yönəldiləcək.

Qeyd edək ki, sərnişin avtobuslarının Dərnəgül Nəqliyyatı Mübadilə Mərkəzinə rahat giriş-çıxışının təmin edilməsi üçün ərazidə zəruri infrastruktur yaradılır.