Ağ Evin "borusu deşildi"- Bütün informasiyalar mətbuatda

11 Fevral 2017 11:02 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin mətbuat katibi Şon Spayser məlumat verib.

Trampla bağlı mətbuata sızan ən qalmaqallı xəbərləri təqdim edirik:

“Sınıq telefon”

İlk növbədə, “Reuters” agentliyi mənbələrinə istinadən, Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında yanvarın 28-də baş tutan telefon danışığının detallarını ictimaiyyətin nəzərinə çatdırıb. İddialara görə, Putin Trampla danışığı zamanı Strateji hücum silahları haqqında müqavilədən bəhs edib, bu isə Trampı çıxılmaz vəziyyətdə qoyub. ABŞ prezidenti müqavilənin məzmununu öyrənmək üçün danışıqda fasilə verməli olub. Lakin Şon Spayser Trampın müqavilədən xəbərdar olduğunu, sadəcə köməkçilərilə məsləhətləşmək üçün fasilə etməli olduğunu bildirib.

Başqa bir telefon qalmaqalı isə Trampla Avstraliya Baş naziri Malkolm Ternbull arasında yaşanıb. “The Washington Post” qəzeti yazıb ki, danışığın 1 saat davam edəcəyi planlaşdırılsa da, Tramp 25-ci dəqiqədə dəstəyi yerə qoyub. İddialara görə, Baş nazirin Avstraliyadan qaçqınların alınması barədə öhdəliyi xatırlatdığı zaman Tramp qəzəblənib. Öhdəlikdən xəbərsiz olan ABŞ prezidenti hisslərini gizlədə bilməyib və danışığı “ən pis” olaraq qiymətləndirib.

Mətbuata sızan digər bir telefon danışığı isə Donald Trampın Meksika prezidenti Enrike Penya Nyeto arasında baş tutan söhbətidir. “Associated Press” agentliyi əldə etdiyi sənədlərə istinad edərək, ABŞ prezidentinin danışıq zamanı Meksikadakı “pis oğlanlardan” bəhs etdiyini, onların öhdəsindən gəlmək üçün ABŞ ordusunu göndərə biləcəyini yazıb. Ağ Ev bu xəbəri şərh etməyib, Meksika tərəfi isə inkar edib.

Xalatlar və dəsmallar

Mətbuata sızan təkcə ABŞ prezidentinin telefon danışıqlarıyla bağlı xəbərlər deyil. Ağ Evlə bağlı məlumatlar da bu qısa müddət ərzində müntəzəm olaraq KİV-ləri “bəzəyib”. Trampın gündəlik həyatı, işçilərlə münasibəti Ağ Evin “mətbəxini” üzə çıxarıb. Guya ki, Tramp oxumağı sevmir və xəbər başlıqlarını qısa xülasədə ona çatdırılmasını tələb edir. Başqa bir iddiaya görə, Tramp bir dəfə gecə saat 3-də milli təhlükəsizlik üzrə müşaviri Maykl Flinnə zəng edərək “ABŞ-a güclü, yoxsa zəif dollar sərf edir?” sualını verib. Mənbənin məlumatına görə, Flinn suala cavab verə bilməyib. Bu isə heç də təəccüblü deyil: çünki o iqtisadçı yox, hərbçidir.

Sızıntılar nəticəsində o da məlum olub ki, Tramp televiziyaya baxmağı həddindən artıq çox sevir. Onun ən çox “Fox News” telekanalını izlədiyi, “NBC” telekanalında “Saturday Night Live (SNL)” teleşousunu çox bəyəndiyi bildirilir. Hətta ABŞ prezidentinin telekanallara baxdıqca, onlarla “mübahisə etdiyi” də iddia olunur. Boş vaxtlarında Tramp əynində xalatı televiziyaya baxmırsa, Ağ Evin gəzintisinə çıxır. Başqa bir iddiaya əsasən, işıq sistemini tam anlaya bilmədiklərinə görə, Trampın müşavirlərlə görüşləri tam qaranlıqda keçirilir.

Bundan əlavə, Donald Trampın Ağ Evdəki sərt dəsmallardan və prezident təyyarəsindən şikayətləndiyi də bildirilir.

Aydan AXUNDOVA