İlham Əliyev energetika və təbii sərvətlər naziri ilə görüşdü

23 Fevral 2017 11:06 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Berat Albayrak Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təbriklərini və salamlarını çatdırıb.

Dövlət başçısı səmimi təbrikə və salama görə minnətdarlığını bildirib, onun da salamının Türkiyə Prezidentinə və xanımına çatdırılmasını xahiş edib.

Prezident İlham Əliyev Türkiyənin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında yüksək səviyyədə iştirak etməsinin önəmini xüsusi vurğulayıb. Dövlət başçısı bu toplantının gələcək planların uğurla reallaşdırılmasına mühüm töhfə verəcəyinə əminliyini bildirib.

Türkiyədə keçiriləcək ümumxalq səsverməsinə toxunan Prezident İlham Əliyev referendumun yüksək səviyyədə təşkil olunacağına, Türkiyə xalqının iradəsinin əksini tapacağına və qardaş ölkənin həyatında bundan sonra yeni, daha sabit dövrün başlanacağına əminliyini bildirib. Dövlət başçısı TANAP layihəsinin uğurla icrasına verdiyi dəstəyə görə Türkiyə hökumətinə minnətdarlığını ifadə edib.

Söhbət zamanı dünyada və Avropada baş verən siyasi, iqtisadi böhran fonunda Azərbaycan ilə Türkiyə arasındakı dostluq və qardaşlıq əlaqələrinin yüksək səviyyədə olması məmnunluqla qeyd edilib.