Azərbaycan və Gürcüstan arasında institut yaradılacaq

1 Mart 2017 11:31 (UTC+04:00)

APA-nın “newsgeorgia.ge”-ə istinadən verdiyi məlumata görə, yaxın vaxtlarda Gürcüstan DİN və Azərbaycan Dövlət Sərhəd Xidməti arasında bununla bağlı memorandum imzalanacaq.

Məlumata görə, müvafiq razılıq Gürcüstan daxili işlər naziri Georgiy Mqebrişvili və DSX rəisi Elçin Quliyev arasında Tbilisidə keçirilən görüşdə əldə olunub.

Sərhəd komissarları institutu sərhəddə insidentlərin nizama salınması məqsədilə yaradılır. Burada iki ölkənin sərhəd qurumlarının nümayəndələri təmsil olunacaq.

“Bizim məqsədimiz sərhəddə nəzarətin daha da gücləndirilməsi və iki ölkə arasında gələcək əməkdaşlığı dərinləşdirməkdir. Bu da öz növbəsində iki ölkənin təhlükəsizliyinə töhfə verəcək”, - deyə G.Mqebrişvili söyləyib.

G.Mqebrişvili E. Quliyevi sərhəd-keçid məntəqələrin reabilitasiyası, sərhəd polisinin peşəkarlığının artırılması və müasir texnika ilə təchizatına dair layihələrlə də tanış edib. Öz növbəsində, E. Quliyev əməkdaşlığın genişləndirilməsinə hazır olduğunu qeyd edib.

E.Quliyev Gürcüstana səfəri çərçivəsində həmkarı David Nikoleişvili və Polis Patrul Departamentinin direktoru Qoqa Razmadze ilə də görüşüb.

AzNews.az