Suraxanıda törədilmiş qətlin üstü açıldı

1 Mart 2017 19:11 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir ki, fevralın 24-də Hövsan qəsəbə sakini, 1963-cü il təvəllüdlü Morozova Anjelika Vasilyevnanın yaşadığı mənzildə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə məlumat əsasında prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin işitirakı ilə baxış keçirilib, maddi sübutlar, əl-barmaq izləri götürülüb və digər zəruri təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib, istintaqın davam etdirilməsi Bakı şəhər prokurorluğunun İstintaq idarəsinə tapşırılıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin mərhumun tanışı, 1985-ci il təvəllüdlü Vəkilov Namiq Cəbrail oğlu tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr yarandığından o, Qazax rayonu ərazisində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.