Seçkiləri təxirə salmaq üçün silahlar işə düşdü – MÖVQE

1 Fevral 2013 14:03 (UTC+04:00)



Məlum olduğu kimi Ermənistanda prezidentliyə namizəd Paruyr Ayrikyana qarşı sui-qəsd törədilib. Verilən məlumatlara görə, o dissident fəaliyyəti ilə seçilib. Hətta Paruyr Ayrikyan 1988-ci ildə Qarabağ separatizminə qarşı çıxanlardan olub və o, Ermənistanda təqib edilən siyasi xadimlərdən biri kimi tanınıb.

Siyasi ekspert Zərdüşt Əlizadə AzNews.az -a erməni namizədin sui-qəsd məsələsini şərh edərkən bildirib ki, Paruyr Ayrikyan nəzakətli, mədəni, SSRİ dövründə Ermənistanın müstəqilliyi uğrunda mübarizə aparan, iki dəfə həbs olunmuş bir şəxs kimi tanınıb. Onun sözlərinə görə, ötən ilin 80-ci illərində o, olduqca nüfuzlu insanlardan biri olub.

Sui-qəsdin hansı səbəbdən törədildiyinə gəldikdə Z.Əlizadənin qənaətincə, bu, hazırkı prezidentin əleyhinədir. Çünki prezident seçkilərində qüvvələr nisbəti Serj Sərkisyanın xeyrinə olduğundan hansısa namizədə qarşı sui-qəsd onun xeyrinə ola bilməz: "Görünür, Sərkisyana mane olmaq istəyən hansısa qüvvələrin başqa çarələri olmadığından məhz bu yolla Ermənistandakı seçkiləri təxirə salmaq istəyirlər. Amma Sərkisyanın istəyindən asılı olmayaraq, bu hadisə Ermənistanda keçiriləcək prezident seçkilərinə ciddi kölgə salır. Bu bir daha Ermənistanda təhlükəsizlik sahəsində ciddi problemlərin olduğunu göstərir".

Ermənistan cəmiyyətində təmiz adam, ölkəsi üçün canından keçməyə hazır olan imici qazanan Paruyr Ayrikyanın Azərbaycanla normal münasibətlərin qurulmasında maraqlı olduğuna gəldikdə, siyasi şərhçi hesab edir ki, onun siyasi proseslərə təsir imkanları olduqca məhduddur:

"Müəyyən qədər ümidim vardı ki, Paruyr Ayrikyan bəlkə də seçilməyəcəyini bilirdi. Amma erməni xalqının indiki ağır durumunda onlara hansısa işıqlı yol göstərmək şansından yararlanacaq. Onun proqramı açıqlanandan sonra onun da digərləri kimi erməni milli əsarətinin qəfəsində olduğunu, azad, sərbəst düşünmək qabiliyyətindən uzaqlaşdığını gördüm".

Z.Əlizadə bu məsələdə hansısa dövlətin maraqlı olduğunu da istisna edir: "Ermənistanda ən güclü nüfuz sahibi Rusiyadır və onun da Serjdən narazı olmağa heç bir əsası da yoxdur. Sərkisyan Rusiyaya sadiq, bütün göstəriciləri itaətkaranə həyata keçirən insandır. Amerika üçünsə Ermənistan o qədər əhəmiyyətsiz, zəif ölkə sayıldığından onun burda hansısa pol oynadığı inandırıcı deyil. Digər dövlətlərin də adını çəkməyə dəyməz".

Gültəkin
AzNews.az