Əvvəl ötüşdülər, sonra bir-birini “çilədilər”

1 Fevral 2013 22:08 (UTC+04:00)

Bu gün günorta saatlarında Binəqədi rayonu, 8-ci mikrorayon, "Zirvə" şadlıq evinin qarşısında iki nəfər arasında möhkəm dava olub. Onları bir-birindən çox çətinliklə ayırmaq mümkün olub.

Hadisə şahidlərinin sözlərinə görə, dava 202 nömrəli marşrut avtobuslarının sürücüləri arasında baş verib. Səbəb isə avtobusların bir-birinin qrafikinə girmələri olub. Avtobusların birində olan sərnişinlərin sözlərinə görə, sürücülər dayanacağa birinci çatmaq üçün avtobusu çox yüksək sürətlə idarə ediblər:

"Onlar ağıllı-başlı yarışırdılar. Biz nə qədər etiraz etsək də, sürücü sözə baxmadı, əksinə bir neçə nəfəri bərk acıladı".

Bu yarış adını çəkdiyimiz şadlıq evinin qarşısında yekunlaşıb. Əsəbilərinə hakim ola bilməyən sürücülər avtobusları saxlayıb, əlbəyaxa olublar. Sərnişinlərin ciddi cəhdindən sonra onları ayırmaq mümkün olub. Ancaq hər iki sürücünün sifəti zərbələrdən dağılıb.

Orxan
AzNews.az